Möminə Xatun Türbəsi milli dövlətçilik ənənələri və ailə dəyərlərinin daş yaddaşıdır
Tariximizin daşlaşmış pasportları olan abidələrimizin əhəmiyyəti tək regional çərçivə ilə məhdudlaşmır, eyni zamanda dünya mədəni irsinin zənginləşməsində mühüm yer tutur. 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamı şəhərlərin tarixi simasına çevrilən bu qiymətli abidələrin daha geniş öyrənilməsi və qorunmasında yeni perspektivlər açmışdır. Sərəncamda deyilir: “Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. Bədii-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğuran dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrindən Möminə xatun türbəsi, Xudafərin körpüsü, “Atəşgah” kompleksi və digər bu kimi misilsiz nümunələr Azərbaycanın memarlığının rəmzlərinə çevrilmişdir.”
Sərəncamda adı xüsusi olaraq vurğulanan Möminə xatun türbəsi dünyanın az sayda olan elə abidələrindəndir ki, tarixi, dövlətçilik ənənələrini, mənəvi dəyərləri kompleks şəkildə təcəssüm etdirir.
Tarixi aspektdən Möminə xatun türbəsi
Türbə 2007-ci ildə “Dünya əhəmiyyətli abidə” olaraq pasportlaşdırılmışdır. Hələ sağlığında müasirləri tərəfindən iftixarla “Mühəndislər şeyxi” ləqəbini alan, ölümündən uzun illər keçsə belə dəyəri beynəlxalq səviyyədə qeyd edilərək 900 illiyi UNESCO çərçivəsində keçirilən böyük şəxsiyyətlər siyahısına daxil olunan Əcəmi Naxçıvaninin Azərbaycan və Yaxın Şərq ölkələrinin orta əsrlər memarlığına ən güclü təsir göstərmiş sənət əsəri məhz Möminə xatın türbəsi olmuşdur. Möminə Xatun türbəsi Naxçıvan şəhərinin tarixi inkişafında mühüm şəhərsalma, mədəni və sosial funksiyalar daşıyan tarixi-memarlıq abidələrindən biridir. XII əsrdə Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin sifarişi ilə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilən bu türbə Naxçıvanın siyasi və mədəni mərkəz kimi formalaşmasında əsas stimulverici amillərdən biri olmuşdur. Onun haqqında çoxsaylı əsərlər yazılmış, xüsusilə memarlıq texnikası və sənətkarlıq xüsusiyyəti geniş təhlil olunmuşdur. Lakin abidənin əhəmiyyəti tək bu əlamətlərlə məhdudlaşmamışdır. Onun tarixi əhəmiyyəti, sosial-ictimai rolu və mənəvi dəyəri daha geniş və çoxşaxəlidir.
Dövlətçilik ənənələrinin təcəssümü
Azərbaycanın qədim köklərə malik zəngin dövlətçilik ənənələri təkcə tarix kitablarında deyil, həm də müxtəlif dövrlərə aid tarixi-memarlıq abidələrində təcəssüm olunmuşdur. Möminə xatun türbəsi bu qədim idarəçilik ənənələrinin Orta əsrlər mərhələsinin tarixi-memarlıq aynası olaraq Naxçıvan şəhərində ucaldılmışdır. Azərbaycan tarixinin parlaq səhifələrindən olan Eldənizlər dövlətinin hakimiyyəti dövründə paytaxt şəhər olaraq Naxçıvanın siyasi-iqtisadi, ictimai və mədəni inkişafı sürətlənmişdir. Bu, özünü şəhərin mədəni həyatında və təbii ki, Əcəmi memarlıq incilərinin ortaya çıxmasında da göstərmişdir. Yusif Küseyroğlu türbəsi, Möminə xatun abidəsi, Cümə məscidi yüksək memarlıq dəyərləri olmaqla yanaşı şəhərin tarixi, sosial həyatı haqqında dəyərli mənbələrdən olmuşdur. Belə abidələr tarixi şəxsiyyətlərin adı ilə bağlı idi. Möminə xatun öz dövrünün nüfuzlu şəxsiyyətlərindən olmaqla bərabər diplomatik və xeyriyyəçilik fəaliyyəti ilə də xalqın məhəbbətini qazanmışdır. Atabəylər dövlətinin çiçəklənmə dövrü də onun yaşadığı illərə təsadüf edir. O, Şəmsəddin Eldənizin həyat yoldaşı və mənəvi-siyasi silahdaşı, Məhəmməd Cahan Pəhləvanla Qızıl Arslan kimi sərkərdə-hökmdarların anası olmuş, eyni zamanda yardımsevərliyi ilə xalqın dərin hörmətini qazanmışdır. Onun ölümündən sonra Şəmsəddin Eldəniz tərəfindən 1175-ci ildə tikilməsinə göstəriş verilən türbənin tikintisi oğlu Məhəmməd Cahan Pəhləvanın hakimiyyəti dövründə- 1186-cı ildə başa çatmışdır. Bu baxımdan abidə dərin siyasi, ictimai və mənəvi əhəmiyyət kəsb edirdi.
Arxeoloji dəyərlər aspektindən abidəyə baxış.
Bu abidənin əhəmiyyəti təkcə yüksək memarlıq texnikası ilə məhdudlaşmır, şəhərin siyasi-iqtisadi eyni zamanda tarixi və mədəniyyəti haqqında müfəssəl məlumat verir. Abidə yeraltı və yerüstü hissələrdən ibarət olması ilə tarixi-memarlıq və arxeoloji abidələrdən gələn bəzi elementlərin sintezini özündə ehtiva edir. Bunu daha çox abidənin yeraltı hissəsində izləmək mümkündür (Şəkil 1).

Abidənin sərdabə hissəsində tavanı saxlayan tək sütunun olması və yuvarlaq günbəzvari tavanla tamamlanması onu bu regionda qədim dövrlərdən mövcud olan tikili qalıqları ilə müqayisə etməyə imkan verir. I Kültəpə yaşayış yerindən aşkar olunan dairəvi tikili qalıqları bu baxımdan diqqətəlayiqdir. Belə otaqlardan birinin içərisində - mərkəz hissədə dirək daşı qeydə alınmışdır (Şəkil 2).

Belə dirək çuxurları yaşayış yerinin J sahəsində də qeydə alınmışdır. Onlar adətən dairəvi evlərin günbəzvari tavanlarını saxlamaq funksiyası daşıyırdı. Azərbaycan ərazisindəki Şomutəpə, Qarğalartəpəsi, İlanlıtəpə, I Kültəpə abidələrindən aşkar olunan tikili qalıqlarının rekonstruksiyası günbəzvari arxitektura quruluşunun Neolit dövründən mövcud olduğunu və qədim tarixi tikinti ənənələrinə əsaslandığını göstərir. I Kültəpə yaşayış yerində XX əsrdə həmçinin XXİ əsrdə aparılan qazıntılar zamanı oval və dairəvi tikili qalıqları aşkar olunmuşdur. Möminə xatun türbəsinin iki hissəli quruluşu qədim və orta əsrlər dövrü memarlığının sintezini əks etdirir. Onun yeraltı-sərdabə hissəsində qədim tikili ənənələrinindən gələn elementlər dairəvi, günbəzvari quruluş və tək sütun-dirək kimi elementlərdə üzə çıxdığı halda, yerüstü hissəsində Orta əsrlərin türk-islam memarlığının həndəsi-nəbati ornament keçidləri, onguşəli quruluş, medalyonlarda əks etdirilmişdir.
Ailə dəyərlərinin təbliği aspektindən abidənin əhəmiyyəti.
Əsrlər arxasından günümüzə sağlam şəkildə gəlib çatması onun tikintisində ən qiymətli və möhkəm tikinti materialından istifadə edildiyindən, eyni zamanda o dövrdə Atabəylər dövlətinin iqtisadi gücündən xəbər verir. Belə bir abidənin bir ana, eyni zamanda müdrik və uzaqgörən qadın şərəfinə tikilməsi Azərbaycanında qadına ehtiramın dərin tarixi keçmişə malik olduğunu göstərir. Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin həyat yoldaşı və silahdaşı kimi Möminə xatın ailənin güclü qalmasında, eləcə də dövlətin möhkəmlənməsində incə lakin təsirli diplomatik rol oynamışdır. Abidə fədakar həyat yoldaşı və müdrik ananın şərəfinə ucaldılmışdır. Bu, Azərbaycanda qadına verilən dəyərin tarixini öyrənmək baxımından əhəmiyyətlidir. Abidə vəfalı həyat yoldaşına, eyni zamanda ana məhəbbətinə, bütövlükdə ailə dəyərlərinə verilən qiymətin də tarixini və böyüklüyünü özündə ehtiva edir.
Abidənin beynəlxalq miqyasda tanıdılmasının əhəmiyyəti
Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanın milli-mədəni dəyərlərinə göstərilən qayğı bütün tarixi, arxeoloji, memarlıq abidələrinin qorunmasına əlverişli şərait yaratmış və yüksək səviyyədə qorunan abidələrdən biri də Möminə xatın türbəsi olmuşdur. 1998-ci il 30 sentyabr tarixində “Naxçıvan Məqbərələri” qrupu tərkibində UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin (Tentativ) Siyahısına daxil edilməsi bu abidənin beynəlxalq miqyasda tanıdılması və himayə altına alınması sahəsində atılan mühüm addım olmuşdur. Bu addım sonrakı mərhələ üçün yəni rəsmi olaraq UNESCO-nun Dünya İrsinin daimi siyahısına daxil edilməsi üçün yol açır, abidənin dünya əhəmiyyətli dəyəri qəbul edilir, eyni zamanda tam hüquqlu Dünya İrsi statusuna malik olması üçün elmi tədqiqatlar, konservasiya planları və sənədləşmə prosesi davam edir. Bu, Azərbaycanın tarixi-mədəni irsinin daha geniş miqyasda tanıdılması ilə məhdudlaşmır, eyni zamanda türk-islam mədəniyyəti dövrünün sosial-ictimai mühitini tarix və mədəniyyət nümunələri kontekstində nəzərdən keçirməyə imkan verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən türbənin bərpa və konservasiyası üçün İmzalanmış sərəncamlar Azərbaycanın zəngin tarixi, mədəni irsi və milli-mənəvi dəyərlərinin qorunmasında mühüm əhəmiyyət daşıyır. “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Əcəmi memarlığının bu qiymətli sənət incisinə yeni həyat bəxş edir. Möminə xatun türbəsinin bərpası türk-islam mədəniyyətinin təkcə regional çərçivədə deyil, qlobal miqyasda qorunması, təbliği və gələcək nəsillərə mükəmməl şəkildə çatdırılmasına rəvac verir.
Yekun olaraq söyləmək olar ki, Möminə xatun türbəsi Azərbaycanın intibah mədəniyyətini, dövlətçilik tarixini, eyni zamanda Orta əsrlər Naxçıvanının sosial –ictimai mühitini dərin sənətşünaslıq çalarları ilə təqdim edir. Abidənin ikihissəli quruluşunda qədim arxitektura ənənələri ilə Orta əsrlər memarlıq ənənələrinin harmoniyası izlənilir. Bu da abidənin tarixi-arxeoloji aspektdən tədqiqat dəyərini artırır. Onun beynəlxalq miqyasda tanıdılması Azərbaycanın dövlətçilik tarixinin, türk-islam mədəniyyətinə verdiyi töhfələrin, eyni zamanda günümüzün aktual məsələlərindən olan ailə dəyərlərinin əhəmiyyətini qlobal miqyasda təbliğ edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Zeynəb Quliyeva
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
AMEA Naxçıvan Bölməsinin baş elmi işçisi, Tarix elmləri doktoru








