Vüqar Gülməmmədov: "Dövlət satınalmalarında süni intellektdən istifadə edilə bilər"

Vüqar Gülməmmədov: "Dövlət satınalmalarında süni intellektdən istifadə edilə bilər"

27 Fevral 2026

Dövlət satınalmalarında ehtimal olunan qiymətin hesablanması mexanizminin təkmilləşdirilməsi məqsədilə süni intellekt imkanlarından istifadə edilə bilər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Dövlət satınalmalarının təşkili və bu sahə üzrə əsas audit nəticələri" mövzusunda keçirilən seminarda deyib.

Onun sözlərinə görə, 2024-cü ildə rəqabətli satınalmaların 4 229-u və ya 43,1 %-ində müqavilə məbləği ehtimal olunan qiymətdən 20 % və daha çox fərqlənib:

"Ehtimal olunan qiymətlə yekun protokol arasında fərqin böyük olması satınalmanın səmərəliliyi ilə bağlı sual yaradır. Bu istiqamətdə hüquqi çərçivənin daha da təkmilləşdirilməsi və qiymətlərin hesablanmasında müasir texnoloji alətlərdən istifadənin genişləndirilməsi vacibdir. Gələcəkdə ehtimal olunan qiymətin hesablanması zamanı süni intellektin imkanlarından istifadə edilməsi daha obyektiv və əsaslandırılmış nəticələrin əldə olunmasına şərait yarada bilər".

Sədr həmçinin bildirib ki, hüquqi çərçivənin effektiv tətbiqinə imkan verən institusional strukturların və əməliyyat qabiliyyətlərinin gücləndirilməsi dövlət satınalmalarının səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.