Azərbaycanda "Təhdidlər və Həllər Kataloqu"na daxil edilən təhdidlərin sayı açıqlanıb

Azərbaycanda "Təhdidlər və Həllər Kataloqu"na daxil edilən təhdidlərin sayı açıqlanıb

27 Fevral 2026

Azərbaycanda informasiya və kibertəhlükəsizlik üzrə təhdidlər, həllər kataloquna 167 təhdid daxil edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, portalda həmçinin həmin təhdidlərin həll yolları barədə məlumat da yerləşdirilib: "Bu təhdidlər kataloqunun mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub. Dövlət qurumlarında da risk reyestrləri formalaşdırıldıqda, orada həll yolları müəyyən edildikdə, bu həll yolları da universal olaraq digər təhdidlərə də tətbiq oluna bildiyi halda "Təhdidlər və Həllər Kataloqu"nda öz yerini tapacaq".

İnformasiya təhlükəsizliyi riskləri reyestrinin yaradılmasının əhəmiyyətini vurğulayan idarə rəisi onun dövlət qurumlarında risk əsaslı qərarvermənin formalaşdırılması üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb: "O, həm mərkəzləşdirilmiş sistemli idarəetməyə, həm də baş verə biləcək insidentlərin, risklərin qabaqcadan müəyyən olunması və onların qarşısının alınmasına imkan verir. Eyni zamanda, auditlər zamanı da dövlət qurumunda baş verə biləcək risklərin hamısının nəzərə alınıb alınmamasını qiymətləndirməyi mümkün edən bir alətdir. Belə ki, İnformasiya Təhlükəsizliyi Risklər Reyestrinin olması təsadüfi deyil, müəyyən qiymətləndirmələr əsasında qərarların verilməsinə imkan yaradır".