Xalq artisti Sofya Hüseynovanın anadan olmasının 100 illiyi tamam olur
Bu gün - 17 fevral 2026-cı il Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsi, Azərbaycanın Xalq artisti Sofya Hüseynovanın anadan olmasının 100 illiyi tamam olur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 1926-cı ildə Bakıda dünyaya göz açan Sofya xanım sənətə üç yaşından qədəm qoymuşdu. Anası, Əməkdar artist Xədicə Qazıyeva onu teatra aparmış, o isə hələ balaca yaşlarında Cəfər Cabbarlının “Sevil” tamaşasında səhnəyə çıxmışdı. 1942-ci ildə Səməd Vurğunun “Vaqif” dramında Tamara rolu ilə peşəkar səhnə həyatına başlayan aktrisa sonrakı illərdə taleyini Naxçıvan Dövlət Musiqili Dram Teatrına bağladı və bu səhnədə yüzlərlə yaddaqalan obraz yaratdı.
Onun yaradıcılığında ana obrazları xüsusi yer tuturdu. Hüseyn Cavid, Üzeyir Hacıbəyli və Cəlil Məmmədquluzadə kimi sənətkarların əsərlərində yaratdığı rollar, eləcə də “şah rolu” adlandırdığı Larisa obrazı onun səhnə gücünü və daxili dərinliyini nümayiş etdirirdi. 1982-ci ildə Xalq artisti adına layiq görülən sənətkar 1996-cı ildə “Şöhrət” ordeni ilə təltif olundu; mükafatı Ulu Öndər Heydər Əliyev şəxsən təqdim etmişdi.
Sofya Hüseynova ömrünün sonunadək teatra sədaqətlə xidmət etdi, bir sənət nəslinin davamını yetişdirdi və 2015-ci ildə dünyasını dəyişdi. Bu gün onun adı və yaratdığı obrazlar Azərbaycan teatr tarixində əbədi yaşayır.













