
Xanlar Mustafayev: Naxçıvanda yaşıllaşdırma tədbirləri çərçivəsində 310 mindən çox ting əkilib
Naxçıvan Muxtar Respublikasında meşə fondunun açıq sahələrində yeni meşəliklərin salınması və mövcud seyrək meşəliklərin bərpası məqsədilə genişmiqyaslı yaşıllaşdırma tədbirləri həyata keçirilir. Bu məqsədlə Türkiyə Respublikasından 20 min ədəd kızılçam fidanı gətirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev bildirib.
O bildirib ki, muxtar respublikada həyata keçirilən yaşıllaşdırma tədbirləri çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, idarə və müəssisələrə 11 840 ədəd kızılçam, 65 786 ədəd müxtəlif meyvə və meşə tingi olmaqla, ümumilikdə 77 626 ting əvəzsiz paylanıb.
"2024-cü ilin əkin mövsümündə 40,7 hektar sahədə meşəsalma, 154 hektar sahədə meşəbərpa, 234 hektar sahədə toxumla əkin, 3,3 hektar sahədə toxmacarlıq sahəsi yaradılıb. Ümumilikdə 432 hektar sahədə ting və toxumla əkin işləri aparılıb, 94 590 ədəddən artıq müxtəlif meyvə və meşə tingi əkilib, 2 340 kq müxtəlif növ meyvə və meşə toxumu səpilib". - deyə nazir bildirib.