
Nazir: Naxçıvanda ətraf mühitə vurulan ziyana görə 170 min manata yaxın cərimə tətbiq edilib
Ötən il Naxçıvanda ətraf mühitə təsir hallarının qiymətləndirilməsi məqsədilə 1820 reyd-yoxlama keçirilib, nəticədə 188 inzibati xəta faktı qeydə alınıb. Əsasən balıq və digər su bioresurslarının mühafizəsi, yaşıllıq sahələrinin qorunması, yer təkindən qanunsuz istifadə, tullantıların düzgün idarə olunmaması və atmosfer havasının çirkləndirilməsi ilə bağlı qanun pozuntularına qarşı tədbirlər görülüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev bildirib.
Nazir bildirib ki, ümumilikdə, ətraf mühitə vurulan ziyana və inzibati xətalara görə 167.090 manat məbləğində cərimə tətbiq
edilib, bunun 47.070 manatı artıq ödənilib.
Ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 62 ictimai iaşə obyektinə qaz-toztutucu qurğular quraşdırılıb. Həmçinin 526 ictimai iaşə müəssisəsinə və gəc sexinə qaz-toztutucu qurğuların quraşdırılması ilə bağlı məcburi göstəriş verilib.