Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirilib.
DİM-dən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, sentyabrın 29-da keçirilən imtahanda iştirak etmək üçün 220 nəfər qeydiyyatdan keçib. Onlardan 18 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edənlərdən 30 nəfəri uğur qazanıb.
İmtahan DİM-in elektron imtahanlar korpusunda saat 15:00-da başlayıb və 1 saat davam edib. Namizədlər imtahanı başa çatdırdıqdan və ya ayrılmış vaxt bitdikdən sonra nəticələri ilə tanış olmaq imkanı əldə ediblər. Nəticələr, həmçinin DİM-in internet saytında yerləşdiriləcək.
İmtahanda namizədlərə 30 test tapşırığı təqdim olunub. Hər düzgün cavab 1 balla qiymətləndirilib. Hər səhv cavaba görə ümumi baldan 0,25 bal çıxılıb.
Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər sentyabrın 30-u və oktyabrın 1-də saat 14:00-dan 16:00-dək DİM-ə müraciət edə bilərlər. Bunun üçün ərizə yazılmalı və ali təhsil haqqında diploma əlavənin (transkriptin) surəti təqdim edilməlidir.
Xatırladaq ki, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən, müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslərin peşə tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə DİM tərəfindən təşkil olunan imtahanda müvəffəqiyyət qazanması tələb olunur. İmtahanda iştirak üçün ərizələrin qəbulu Agentlik tərəfindən həyata keçirilib.








