“YAŞAT” Fondu Naxçıvanda növbəti qış düşərgəsini reallaşdırır - FOTO
16-19 fevral 2026-ci il tarixində “YAŞAT” Fondunun təşkilatçılığı ilə Naxçıvanda şəhidlərimizin övladları üçün növbəti dəfə qış düşərgəsi reallaşdırılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, layihə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə birgə tərəfdaşlıq çərçivəsində, həmçinin “Azərbaycan Hava Yolları" QSC-nin və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının dəstəyi ilə baş tutur.
36 iştirakçını əhatə edən düşərgənin məqsədi uşaqlar üçün qış mövsümünə uyğun olan qış idman oyunlarına maraq oyatmaq, yeni dostluqların qurulması üçün şərait yaratmaqdır.
Düşərgənin ilk günündə iştirakçılar Duzdağ Müalicə Mərkəzinə ekskursiya ediblər. Həmçinin AHİK tərəfindən görülən işlərə həsr olunmuş filmin nümayişi baş tutub.
Sonrakı günlərdə iştirakçılar Ağbulaq İstirahət Mərkəzində xizək təlimlərində, kirşə sürüşlərində və digər oyunlarda əyləncəli vaxt keçiriblər.
Düşərgə çərçivəsində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev uşaqlarla çay süfrəsi ətrafında söhbət aparıblar.
“YAŞAT” Fondu tərəfindən şəhidlərimizin övladları üçün ölkə daxilində və xaricində düşərgələr, təlim kursları və digər tədbirlər mütəmadi təşkil olunur.
















