Naxçıvanda musiqi təhsili müəssisələrinin müəllimləri ilə görüş keçirilib -

Naxçıvanda musiqi təhsili müəssisələrinin müəllimləri ilə görüş keçirilib - FOTO

18 Fevral 2026

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müşaviri, fəlsəfə doktoru, dosent Cəsarət Valehov Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi təhsili müəssisələrinin müəllimləri ilə görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə nazir müşaviri musiqi təhsili sahəsində hazırda keçirilən attestasiya prosesi ilə  bağlı ölkə təcrübəsini görüş iştirakçıları ilə bölüşüb.

Vurğulanıb ki, hər bir ixtisas üzrə attestasiya proqramı qanunvericiliyə əsasən, prosesin başlanmasına bir ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan müəllimlərə veriləcək.

Sonra müəllimlərə attestasiyanın mərhələləri barədə video slayt vasitəsilə ətraflı məlumat verilib.

Görüşdə mövzu ətrafında fikir mübadilələri aparılıb, müəllimlər tərəfindən verilən suallar cavablandırılıb.

Qeyd edək ki, cari ildə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə əmək qanunvericiliyinin tələbləri əsas götürülməklə müəllimlərin attestasiyası keçiriləcək.