
Zəroş Həmzəyevanın 100 illik yubileyi qeyd edilib - FOTO
Martın 17-də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə xalq artisti və “Şöhrət” ordeni laureatı, Prezident təqaüdünə layiq görülmüş Zəroş Həmzəyevanın 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, tarix boyu Azərbaycan qadınları həyatın bütün sahələrində fəal iştirak edərək mənəvi keyfiyyətlərinin zənginliyi ilə seçilmiş, dünya siyasətində öz sözü olan, cəmiyyətin inkişafında öz dəsti-xətti olan bir qüvvə olmuşdurlar. Həmişə Azərbaycan qadınları üzərlərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlmiş, qadın adının məsuliyyətini şərəflə daşımışlar. Naxçıvan Muxtar Respublikasında da qadınlıq vəzifələrinin öhdəsindən layiqincə gələn, həmçinin bütün sahələrdə fəallıq göstərən qadınlarımız istər elm, səhiyyə, eləcə də mədəniyyət sahəsində fəal iştirak etmişlər.
Belə qadınlardan biri də Zəroş xanım Həmzəyevadır. Zəroş Həmzəyeva – adı Azərbaycan mədəniyyətində, həm də Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan, həm xalq artisti, həm də ana olaraq həyatını cəmiyyətin təhsil və mədəniyyətinə həsr edən qadın kimi fərdi və ictimai mənası olan bir mövzuya çevrilmişdir. O, qadın və ana olmanın paralel iki böyük rolunu özündə birləşdirərək, bir tərəfdən cəmiyyətin gözləntilərinə qarşı mübarizə aparır, digər tərəfdən isə ana kimi övladlarına qayğı göstərir. Yaratdığı qadın obrazlarında qadınları sadəcə zəif varlıqlar kimi deyil, əksinə, güclü, müstəqil və iradəli insanlar olaraq tamaşaçılara nümayiş etdirirdi.
Zəroş Həmzəyeva həyat yoldaşı, rejissor İbrahim Həmzəyevlə birlikdə Naxçıvan teatrının inkişafına mühüm töhfələr vermişdir. Onun bütün şüurlu həyatı xalqla, onun taleyi və həyatı ilə bağlı olmuşdur. O, 1958-1967-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsi yanında Qadınlar Şurasının sədri olmuş, 1958-1963-cü illərdə Naxçıvan Şəhər Sovetinin deputatı, VI çağırış Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin deputatı seçilmişdir. Naxçıvan Muxtar Respublikasının və Azərbaycan Respublikasının əməkdar artisti və xalq artisti fəxri adlarına, eləcə də Prezident təqaüdünə layiq görülmüş, Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Həyatı və yaradıcılığı haqqında dörd kitab nəşr olunmuş, monoqrafiya və bukletlər işıq üzü görmüşdür. Komitə sədri qeyd etmişdir ki, Zəroş Həmzəyevanın üç oğlu, bir qızı, 13 nəvəsi və 22 nəticəsi var. O, yaratdığı obrazlara səmimi yanaşması ilə sənətini yalnız zamanın təzyiqi altında möhkəm saxlayan deyil, həm də gələcək nəsillərə miras qoyulan bir xəzinəyə çevirib.
Sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin məsləhətçisi Narxanım Həsənova çıxış edərək bildirib ki, Zəroş Həmzəyeva ömrünü Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına və yeni nəsillərin maarifləndirilməsinə həsr etmişdir. Onun ifa etdiyi rollar təkcə bədii dəyəri ilə deyil, həm də xalqımızın həyat tərzini, adət-ənənələrini, mənəvi dünyasını özündə əks etdirməsi ilə seçilir. Zəroş Həmzəyevanın yaradıcılığı və ictimai fəaliyyəti ölkəmizin mədəni həyatında mühüm rol oynamışdır.
Bu gün bu yubiley tədbiri çərçivəsində bir daha şahid oluruq ki, dəyərli ziyalılarımızın əməyi və yaradıcılığı unudulmur, onların irsi qorunur və yaşadılır. Buna görə də tədbirin təşkilində iştirak edən qurumlara və əməyi keçən hər bir şəxsə təşəkkürünü bildirmişdir.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov, C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikasının xalq artisti Şirzad Abutalıbov tədbirdə çıxış edərək bildiriblər ki, Zəroş Həmzəyeva istər teatrda, istər yazılarında, istərsə də kinoda yaratdığı obrazlarla tamaşaçını hər zaman düşündürməyi bacarırdı. Obrazlarını yaradarkən yalnız xarici görkəmi deyil, həm də daxili aləmi, xarakteri və psixoloji vəziyyəti də incəliklə ifadə edirdi. İllər keçdikcə Zəroş Həmzəyeva daha məsuliyyətli obrazlar canlandırmışdır.
Aktrisanın yaradıcılığında Hüseyn Cavid dramaturgiyası əhəmiyyətli dərəcədə rol oynamışdır. 1957-ci ildə Zəroş Həmzəyeva dram və musiqili teatrların, ansambl və xor kollektivlərinin Respublika festivalında “Şeyx Sənan” tamaşasında Xumar rolu ilə iştirak etmiş və festivalın diplomuna layiq görülmüşdür. Bundan əlavə, Zəroş Həmzəyeva rus və Avropa dramaturgiyasının bir sıra əsərlərində eyni ustalıqla çıxış etmiş, səhnə mədəniyyəti, kamil sənətkarlığı və bacarığı sayəsində uzun müddət yaddaşlardan silinməyən yüksək bədii keyfiyyətli səhnə obrazları yaratmışdır.
Eyni zamanda, Zəroş Həmzəyevanın ailə üzvləri – qızı Arzu xanım videomüraciəti ilə, nəticəsi Miribrahim Həmzəyev isə çıxış edərək ailələri adından tədbirin təşkilatçılarına dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbirin bədii hissəsində Zəroş Həmzəyevanın Ulu Öndər Heydər Əliyevə həsr etdiyi “Heydər ata” şeiri, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Kəmalə Ağayevanın Zəroş Həmzəyevaya həsr etdiyi şeiri və müdrik şəxsiyyətlərin Zəroş Həmzəyeva haqqında fikirləri Naxçıvan şəhər 1, 2, 8 saylı tam orta məktəbin və Naxçıvan Qızlar Liseyinin şagirdləri tərəfindən qiraət olunub. Tədbirdə Zəroş Həmzəyevanın mənalı ömür yolunu və zəngin yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
Sonda isə Zəroş Həmzəyevanın həyat və yaradıcılığına həsr olunmuş kitab, qəzet və fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.