Adılbek Kasımaliyev: Zəngəzur dəhlizi regional inteqrasiyaya töhfə verəcək
Zəngəzur dəhlizi regionda inteqrasiya olunmuş infrastrukturun inkişafına töhfə verəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Qırğızıstan Nazirlər Kabinetinin sədri - Qırğızıstan Prezidenti Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib.
O xatırladıb ki, Qırğızıstan Prezidenti Sadır Japarov ötən il "Mərkəzi Asiya – Asiya-Sakit Okean regionu" görüşü zamanı Zəngəzur dəhlizinin Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun məntiqi davamı olduğunu qeyd edib.
"Bu nəqliyyat bağlantısı Çinin Sakit okean sahillərini Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarları ilə birləşdirməyə imkan verəcək, həmçinin regionda inteqrasiya olunmuş infrastrukturun inkişafına kömək edəcək", - Kasımaliyev əlavə edib.








