Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,5 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5,5 %, yuxarı həddi isə 7,5 % səviyyəsində saxlanılıb.
"Qərarın qəbulu zamanı faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, yaxın regionda artan geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal və daxili maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcək. AMB bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək. İnflyasiya proqnozunun hədəfdən çıxması riski yarandığı təqdirdə adekvat siyasət addımları atılacaq", - deyə AMB bəyan edib.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat mayın 6-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.








