Ağ xalatlı qəhrəmanlığın zirvəsi

Ağ xalatlı qəhrəmanlığın zirvəsi

20 Yanvar 2026

20 Yanvar… Azərbaycanın tarixində təkcə matəm günü deyil, həm də insanlıq, vicdan və peşə borcunun ən uca zirvəyə qalxdığı gündür. O gecə təkcə silahsız insanlar güllə yağışına tutulmadı, o gecə mərhəmət, şəfqət və həyat xilas etmək missiyası da atəşə tutuldu.

Tibb – sadəcə bir ixtisas deyil. Tibb insanlığın ən ali xidmətidir. Ağ xalat geyinən hər bir həkim, tibb bacısı, tibb qardaşı yalnız xəstə müalicə etmir, o, ümid müalicə edir, həyat qoruyur, insanlıq daşıyır. 20 Yanvar gecəsi bu müqəddəs peşənin əsl mahiyyəti bütün dünyaya nümayiş olundu.

O qanlı gecədə neçə-neçə tibb bacısı və tibb qardaşı könüllü şəkildə ölümün içinə getdi. Meydanlardan, küçələrdən yaralıları çıxarmağa çalışdılar. Güllə yağışı altında, tankların səsi arasında, qorxu və vahimənin hökm sürdüyü anlarda onların tək bir düşüncəsi vardı:

“Yaralıya vaxtında çata bilək…”

Həmin günlərdən qalan xatirələrdə yazılır ki, onlar güllələnməkdən, işgəncəyə məruz qalmaqdan qorxmurdular. Onlar ölümdən belə çəkinmirdilər. Onların tək qorxusu vardı – yaralı insanlara vaxtında yardım göstərə bilməmək qorxusu.

20 Yanvar gecəsi təcili tibbi yardım avtomobilləri belə gülləbaran edildi. Yaralılara yardım göstərilməsinə bilərəkdən maneələr yaradıldı. Amma buna baxmayaraq, tibb işçiləri geri çəkilmədi. Onlar ölümlə üz-üzə dayanaraq həyat uğrunda savaşdılar. Və bu savaşda şəhid olanlar arasında həkimlərimiz də vardı.

O şəhidlərdən biri – Markhevka Aleksandr Vitalyeviç idi.

O, 1958-ci ildə Bakı şəhərində anadan olmuşdu. Evli idi. Buzovna Təcili Tibbi Yardım Xidmətində çalışırdı. İnsanlara həyat bəxş etməyi öz ömrünün mənası bilən bu həkim, 20 Yanvar gecəsi borc başında şəhid oldu. Onun qəlbi yalnız insanlara xidmət üçün döyünürdü. O, silahsız idi, günahsız idi, amma xalqının yanında idi. Və məhz buna görə şəhid oldu.

Bu gün biz baş əyirik. Təkcə şəhid olan insanlara yox, şəhid olan mərhəmətə, şəhid olan vicdana, şəhid olan insanlığa baş əyirik.

20 Yanvar bizə öyrətdi ki, tibb peşəsi yalnız xəstəxana divarları arasında icra edilən bir sənət deyil. Tibb – millətin taleyi ilə birgə yaşayan, xalqın ağrısını öz ağrısı bilən, lazım gəldikdə canını da fəda edən müqəddəs bir missiyadır.

Bu gün Sədərəkdən, bu torpağın bir həkimi olaraq deyirəm:

Şəhid tibb işçilərinin qarşısında borcluyuq. Onların göstərdiyi fədakarlıq bizim üçün həm şərəf, həm də məsuliyyətdir. Biz bu yolu davam etdirməliyik – vicdanla, mərhəmətlə, insanlığa sədaqətlə.

Ruhunuz şad olsun, ağ xalatlı şəhidlər…

Ruhunuz şad olsun, Vətən uğrunda canından keçmiş bütün Azərbaycan şəhidləri…

Siz həyat xilas edərkən əbədiyyət qazandınız.

Coşqun Babayev

Şərur regional Tibb Mərkəzinin direktor müavini - baş həkim