İlham Əliyev: Ermənistan istisna olmaqla regionda qonşularla işlək dost münasibəti yarada bilmişik
Azərbaycan Prezidenti İlham Əliyev ölkənin yerləşdiyi regionda Ermənistan istisna olmaqla digər qonşularla işlək dost münasibətlərin yaradıldığını bəyan edib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda paneldə çıxış edən İlham Əliyev digər ölkələrlə iqtisadi ixrac münasibətlərin qurulduğunu deyib.
"Hətta hazırda Ermənistana yüklərin daşınması istiqamətində məhdudiyyəti qaldırmışıq. Hazırda Ermənistandan Rusiyaya yüklərin daşınması ilə bağlı şəraitin yaradılması üçün müraciət edilib. Biz müxtəlif dəhlizlər qurmuşuq. Hazırda bu yollar Gürcüstandan keçir, bir müddət sonra Ermənistandan keçəcək, sonra oradan Azərbaycana. Düşünürəm ki, bu tarix yaxındır".
Dövlət başçısı Azərbaycanın Türkiyə ilə qardaş ölkə olaraq müxtəlif əlaqələr yaratdığını deyib və Azərbaycanın Türkiyədə investisiyalarının 20 milyard dolları üstələdiyini qeyd edib
"Eyni zamanda Gürcüstanda ən böyük xarici investor kimi çıxış edirik. Hazırda ABŞ nəzarətində olan böyük bir bağlantı layihəsinin yaranmasının şahidi oluruq. Yeni dəhlizlər yaranacaq, bu dəhlizlərin çox olması həm tranzit ölkələr, həm də idxalçılar və ixracatçılar üçün yaxşıdır".








