20 Yanvar – Milli Qürur və Şərəf Günü

20 Yanvar – Milli Qürur və Şərəf Günü

20 Yanvar 2026

Ümummilli lider Heydər Əliyev: 20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq, eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır.

20 Yanvar Azərbaycan xalqının tarixində yalnız faciə günü deyil, eyni zamanda milli qürur, şərəf və ləyaqət günüdür. 1990-cı ilin yanvarında sovet imperiyasının hərbi gücü ilə üz-üzə qalan Azərbaycan xalqı öz azadlıq iradəsini, milli kimliyini və müstəqil yaşamaq haqqını bütün dünyaya nümayiş etdirdi. Həmin gün tökülən qan xalqımızın qorxmazlığının, azadlıq eşqinin və vətənə sədaqətinin simvoluna çevrildi. Bu baxımdan 20 Yanvar tariximizin şərəfli səhifələrindən biri kimi yaddaşlara həkk olunmuşdur.

Belə ki, XX əsrin sonlarında Azərbaycanda gedən ictimai-siyasi proseslər milli oyanışın güclənməsi ilə xarakterizə olunurdu. Uzun illər sovet ideologiyası altında sıxışdırılan milli dəyərlər, ana dilinə, mədəniyyətə və tarixə olan münasibət xalqı ayağa qaldırmışdı. İnsanlar azadlıq, ədalət və suverenlik tələb edirdi. Lakin sovet rəhbərliyi bu haqlı tələbləri qəbul etmək əvəzinə, Bakıya və digər bölgələrə hərbi qoşun yeritməklə xalqın iradəsini zor gücü ilə sındırmağa çalışdı. Bu addım isə xalqın azadlıq əzmini daha da gücləndirdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələr misli görünməmiş qəddarlıqla yadda qaldı. Şəhərə daxil olan tanklar və silahlı əsgərlər xəbərdarlıq etmədən dinc  əhaliyə atəş açdı. Küçələrdə insanlar gülləbaran edildi, avtomobillər əzildi, evlərə, təcili yardım maşınlarına belə atəş açıldı. Qadınlar, uşaqlar, yaşlılar fərq qoyulmadan qətlə yetirildi. Bu,  sovet ordusunun xalqımıza qarşı qəddarlığının yüksək göstəricisi idi. Bəlkə də bununla Azərbaycan xalqının birliyini, əzmini sarsıtmağa çalışmış, amma nail ola bilməmişlər.

Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı idi. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid oldu, 638 nəfər yaralandı və xəsarət aldı, 841 nəfər qanunsuz olaraq həbs edildi, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozuldu.

20 Yanvar hadisələri Azərbaycan xalqının milli birliyini və mənəvi gücünü üzə çıxardı. Qanlı faciədən sonra milyonlarla insanın şəhidlərin dəfn mərasimində iştirak etməsi, qadağalara və təhlükələrə baxmayaraq küçələrə axışması xalqın qorxu hissini artıq geridə qoyduğunu sübut etdi. İnsanlar azadlıq uğrunda canından keçən övladlarını böyük ehtiramla torpağa tapşıraraq, onların yolunu davam etdirməyə and içdilər. Bu, tariximizin ən möhtəşəm milli həmrəylik nümunələrindən biri idi.

20 Yanvar həm də milli ləyaqətin bərpası günü kimi qiymətləndirilir. Sovet imperiyası Azərbaycan xalqını itaətkar kütlə kimi görmək istəyirdi, lakin 20 Yanvar göstərdi ki, bu xalq heç vaxt zülm və ədalətsizliklə barışmayacaq. Şəhidlər öz canları bahasına milli şərəfi qorudular və gələcək nəsillərə azadlığın necə qazanıldığını göstərdilər. Onların göstərdiyi müqavimət Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsi kimi yer aldı.

Bu qanlı hadisəyə ilk dəfə açıq, cəsarətli və prinsipial mövqe bildirən şəxs isə Ulu Öndər Heydər Əliyev olmuşdur. Həmin dövrdə Sovet İttifaqının siyasi təzyiqləri və təhlükələrinə baxmayaraq, onun 20 Yanvar hadisələrinə verdiyi siyasi və mənəvi qiymət Azərbaycan xalqının haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynamışdır.

1990-cı il yanvarın 21-də Heydər Əliyev Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək mətbuat qarşısında tarixi bəyanatla çıxış etdi. O, Sovet İttifaqı rəhbərliyini, xüsusilə Mixail Qorbaçovu Azərbaycan xalqına qarşı ağır cinayət törətməkdə ittiham etdi. Heydər Əliyev Bakıya qoşun yeridilməsini qanunsuz, konstitusiyaya zidd və insan haqlarının kobud şəkildə pozulması kimi qiymətləndirdi.

Heydər Əliyev öz bəyanatında bildirirdi ki, dinc əhaliyə qarşı silah işlədilməsi, xəbərdarlıq edilmədən atəş açılması, qadınların, uşaqların və yaşlı insanların qətlə yetirilməsi insanlığa sığmayan vəhşilikdir.

Ulu Öndərin 20 Yanvar hadisələrinə münasibəti təkcə bəyanatla bitmədi. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev bu faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsinə nail oldu. 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi.

Ulu öndər Heydər Əliyev qeyd edirdi: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə".

Bu qərarla 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və cinayət aktı kimi rəsmən tanındı. Bu, tarixi ədalətin bərpası baxımından mühüm addım idi.

Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət yetirmişdir. Onun təşəbbüsü ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, Şəhidlər Xiyabanı müqəddəs ziyarətgah səviyyəsinə qaldırıldı, şəhid ailələrinə dövlət qayğısı artırıldı. Ulu Öndər hər il 20 Yanvar günü şəhidlərin xatirəsini dərin ehtiramla anaraq bildirirdi ki, onlar Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəmanlardır.

Heydər Əliyevin fikrincə, 20 Yanvar faciəsi eyni zamanda Azərbaycan xalqının qəhrəmanlıq tarixidir. O, dəfələrlə vurğulayırdı ki, bu hadisə xalqımızın milli ləyaqətinin, azadlıq ruhunun və mübarizə əzminin təntənəsidir. Şəhidlərin tökdüyü qan müstəqil Azərbaycan dövlətinin bünövrəsini təşkil etmişdir. Məhz bu baxış 20 Yanvarın təkcə hüzn deyil, həm də qürur günü kimi dərk olunmasına səbəb olmuşdur.

Beləcə, 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik yolunda həlledici mərhələ oldu. Bu qanlı gecədən sonra xalq sovet imperiyası ilə yolunun ayrıldığını qəti şəkildə dərk etdi. 1991-ci ildə dövlət müstəqilliyinin bərpası məhz 20 Yanvar şəhidlərinin fədakarlığının məntiqi nəticəsi idi. Bu gün Azərbaycan öz suverenliyi, ərazi bütövlüyü və milli maraqları uğrunda qətiyyətlə mübarizə aparan güclü dövlətdir və bu gücün təməlində 20 Yanvar şəhidlərinin ruhu dayanır.

20 Yanvar – şərəf tariximizdir, çünki bu gün xalqımız qorxuya yox, azadlığa üstünlük verdi. Bu tarix bizə öyrədir ki, milli iradə sarsılmaz olduqda heç bir güc onu məğlub edə bilməz. Şəhidlərin xatirəsi qarşısında baş əyərək deyə bilərik ki, onların tökdüyü qan hədər getmədi. Azərbaycan bu gün azaddır və bu azadlıq 20 Yanvar qəhrəmanlarının bizə mirasıdır. Bu şərəfli tarix xalqımızın yaddaşında əbədi yaşayacaq və nəsildən-nəslə ötürüləcəkdir

Fəxriyyə CƏFƏROVA