İlham Əliyevin Davos görüşündə Naxçıvanın nəqliyyat və bərpaolunan enerji layihələri müzakirə edilib
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı Azərbaycanla AYİB arasında mövcud əməkdaşlıq yüksək qiymətləndirilib, bankın ölkəmizdə, o cümlədən regionlarda həyata keçirdiyi uğurlu layihələrdən məmnunluq ifadə olunub. Xüsusilə Gəncə və Şəkidə su sektorunda icra edilən layihələr, Bakı və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində maliyyələşmə məsələləri müzakirə edilib.
Söhbət zamanı Naxçıvan Muxtar Respublikasının nəqliyyat sisteminin yenilənməsi, eləcə də bərpaolunan enerji sektorunda həyata keçirilməsi planlaşdırılan layihələrin maliyyələşdirilməsi xüsusi diqqət mərkəzində olub. Bununla yanaşı, ölkənin müxtəlif bölgələrində məişət tullantılarının zərərsizləşdirilməsi layihələri ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin Azərbaycanda bank sektorunun inkişafı, sahibkarlığın dəstəklənməsi, yerli və xarici investorlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində dövlət tərəfindən görülən işlər vurğulanıb.








