Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sayğaclarla bağlı əhaliyə müraciət edib
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirməkdədir".
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı ADSEA abonentlərə müraciət edib.
Bildirilib ki, əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Bu tədbirlər nəticəsində xətlər intensiv yağışlar zamanı həm yağış sularını həm də tullantı sularını maneəsiz şəkildə daşıya bilir. Eyni zamanda, kanalizasiya nasos stansiyaları təftiş olunur, mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir:
"Qış aylarında problemlər, əsasən, sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən donvurmalar nəticəsində yaranır. Primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya tələbi nəzərə alınmır. Tövsiyəmiz odur ki, həmin xətlər ya izolyasiya olunmalı, ya da torpaq altına keçirilməlidir.
İstehlakçıların diqqətinə çatdırırıq ki, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə, kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.
Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmamasına görə sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanılmalı, sayğac qutusunun qapağı bağlı qalmalıdır. Donvurmadan mühafizə tədbirləri məqsədilə açıq havada qalan boruları, sayğacın özünü isti materiallarla örtmək, qutunun içərisini ağac yonqarı ilə doldurmaq vacibdir".
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 20-dən 21-nə keçən gecə Bakıda və Abşeron yarımadasında 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, bölgələrdə gecə 2-6 dərəcə şaxta, dağlıq ərazilərdə 17-22 dərəcə şaxta gözlənilir.








