Avtomobildə 72 kq narkotik aşkarlanıb
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində əvvəllər məhkum olunan 50 yaşlı Mətanət Qaffarova və sonuncu ilə birlikdə narkotiklərin dövriyyəsində əlbir olan 25 yaşlı Nurlan Gorodalov saxlanılıblar.
Sonuncunun idarə etdiyi "Chevrolet" markalı avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 72 kiloqrama yaxın marixuana və 5687 ədəd metadon həbi aşkar edilərək götürülüb.
Saxlanılanların ölkəyə paraplan uçuş aparatı vasitəsilə qaçaqmalçılıq yolu ilə keçirilən narkotiklərin satışını təşkil etməyi planlaşdırdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
M.Qaffarova və N.Gorodalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.








