"Azərbaycan Sənaye Korporasiyası" və "Aqrarkredit"in əksər müəssisə və obyektləri özəlləşdirilib
Prezident İlham Əliyevin 29 oktyabr 2021-ci il tarixli və 30 dekabr 2022-ci il tarixli sərəncamları ilə özəlləşdirilməyə açılmış "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin 28 müəssisə və obyektindən 18-i, "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) 11 müəssisə və obyektindən isə 7-si özəlləşdirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Xatırladaq ki, təkcə 2025-ci ildə Azərbaycanda 58 özəlləşdirmə hərracı keçirilib. Hərraclarda iştirak etmək üçün 2 446 sifariş verilib. "Elektron hərrac" proqram təminatı vasitəsilə 149 onlayn qoşulma olub. Hərraca çıxarılmış əmlaklar üzrə 644 elektron sifariş qəbul edilib.
İl ərzində 236 kiçik dövlət müəssisə və obyekti, dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılmış 8 açıq səhmdar cəmiyyətinin səhmləri, 208 obyektin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsi və 1 160 nəqliyyat vasitəsi özəlləşdirilib.
Ötən il investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə 18,8 milyon manat sərmayə qoyulub, dövlət büdcəsinə 12,2 milyon manat ödənilib və həmin müəssisələrdə 622 yeni iş yeri yaradılıb.
2025-ci ildə Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 135,3 milyon manat vəsait daxil olub ki, bu da 2024-cü illə müqayisədə isə 24,2 % çoxdur. Özəlləşdirmə daxilolmaları proqnozdan 23 % çox icra edilib.








