Nikahın bağlanması və erkən nikahların fəsadları

Nikahın bağlanması və erkən nikahların fəsadları

25 Fevral 2026

Nikah hüququ cəmiyyətin ən mühüm hüquqi institutlarından biri olmaqla ailənin qurulması, qorunması və möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ailə isə dövlətin və cəmiyyətin təməl sütunudur. Bu səbəbdən də Azərbaycan Respublikasında nikah və ailə münasibətləri hüquqi baxımdan dövlət tərəfindən tənzimlənir və qorunur.

Nikahın hüquqi mahiyyəti və bağlanma qaydası

Azərbaycan Respublikasında nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınan könüllü ittifaqıdır. Ailə dövlətin himayəsindədir və ailə-nikah münasibətləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir.

Qanunvericiliyə əsasən, nikah yalnız müvafiq icra hakimiyyəti orqanında — Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındıqda hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasında nikah yaşı həm kişilər, həm də qadınlar üçün 18 yaş müəyyən edilmişdir.

Ailə Məcəlləsinin 9-cu maddəsinə əsasən, nikaha daxil olmaq istəyən şəxslər ərizə verdikləri gündən 1 ay sonra qeydiyyat orqanında şəxsən iştirak etməklə nikah bağlaya bilərlər. Üzrlü səbəblər olduqda bu müddət azaldıla və ya 1 aydan çox olmamaq şərtilə uzadıla bilər. Xüsusi hallarda — hamiləlik, uşağın doğulması və digər zəruri vəziyyətlərdə nikah ərizə verilən gün də bağlana bilər.

Ər-arvadın hüquq və vəzifələri nikahın dövlət qeydiyyatı günündən etibarən yaranır.

Nikaha mane olan hallar

Qanunvericilik bəzi hallarda nikahın bağlanmasına yol vermir. Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən aşağıdakı şəxslər arasında nikah bağlana bilməz:

yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey qardaş və bacılar);

övladlığa götürənlərlə övladlığa götürülənlər;

ümumi bioloji baba və ya nənəsi olan uşaqlar;

bioloji qohumluğu olan əmi (dayı) ilə qardaş (bacı) qızı, həmçinin bibi (xala) ilə qardaş (bacı) oğlu;

tərəflərdən biri və ya hər ikisi başqa nikahda olduqda;

qanunla nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;

Azərbaycan Respublikasında qanunsuz yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər;

məhkəmə tərəfindən ruhi xəstəlik və ya əqli gerilik səbəbindən fəaliyyət qabiliyyətsiz hesab edilən şəxslər.

Bu məhdudiyyətlər ailə institutunun sağlam əsaslar üzərində qurulması və gələcək nəsillərin rifahının qorunması məqsədi daşıyır.

Əmlak münasibətləri və nikah müqaviləsi

Ümumi rejimə əsasən, nikah müddətində ər və arvadın əldə etdikləri əmlak və gəlirlər onların birgə mülkiyyəti hesab olunur. Bu, əmək fəaliyyəti, sahibkarlıq və ya intellektual fəaliyyət nəticəsində əldə edilən gəlirləri, pensiya və müavinətləri, ümumi gəlirlər hesabına alınan əşyaları, qiymətli kağızları, bank əmanətlərini və digər əmlakı əhatə edir. Bu məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Ailə Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir.

Bölünmə rejimində isə nikaha qədər mövcud olan və nikah dövründə şəxsi vəsait hesabına əldə edilən əmlak ayrıca mülkiyyət sayılır. Lakin bu rejim xüsusilə evdarlıqla məşğul olan və gəlir əldə etməyən qadınların maraqlarını tam şəkildə qorumaya bilər.

Bu baxımdan “nikah müqaviləsi” institutu mühüm əhəmiyyət kəsb edir. Ailə Məcəlləsinin 38-ci maddəsinə əsasən, ər-arvad nikah müqaviləsi bağlayaraq qanunla müəyyən edilmiş birgə mülkiyyət rejimini dəyişə, ümumi, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Nikah müqaviləsi tərəflərin əmlak hüquq və vəzifələrini əvvəlcədən müəyyənləşdirərək gələcəkdə yarana biləcək mübahisələrin qarşısını almağa xidmət edir.

Erkən nikahlar – cəmiyyət üçün təhlükə

Müasir dövrdə cəmiyyəti narahat edən aktual problemlərdən biri də erkən nikahlardır. Erkən nikah — 18 yaşına çatmamış şəxslərin fiziki, psixoloji və sosial baxımdan ailə həyatı və valideynlik məsuliyyətini daşımağa hazır olmadan evləndirilməsidir.

Erkən nikahlar fərdin psixoloji inkişafına mənfi təsir göstərir, təhsildən yayınmaya səbəb olur, sosiallaşmanı məhdudlaşdırır və gələcək həyat imkanlarını daraldır. Dünya praktikasında daha çox qızların erkən nikaha cəlb edilməsi halları müşahidə olunur.

Bu halların baş verməsinə səbəb kimi bəzən tarixi ənənələr, yanlış formalaşmış mental yanaşmalar, ailənin maddi çətinlikləri və “erkən evlilik xoşbəxtlik gətirər” düşüncəsi göstərilir. Bir çox hallarda qərar valideynlər tərəfindən verilir və gənclərin seçimi məhdudlaşdırılır.

Lakin erkən nikahlar gələcəkdə qeyri-sağlam ailələrin formalaşmasına, ana və uşaq sağlamlığı problemlərinə, psixoloji travmalara və sosial çətinliklərə səbəb ola bilər. Sağlam ailə yalnız hüquqi yaş həddinə çatmış, məsuliyyətini dərk edən və şüurlu qərar verən şəxslər tərəfindən qurula bilər.

Ailə müqəddəs dəyərdir və cəmiyyətin gələcəyi məhz sağlam ailələr üzərində qurulur. Qanunvericiliklə müəyyən edilmiş nikah yaşı və hüquqi tələblər ailə institutunun qorunmasına xidmət edir.

Unutmayaq ki, sağlam cəmiyyətin təməli sağlam ailədən başlayır. Bu isə yalnız hüquqi normalara əməl etməklə, erkən nikahların qarşısını almaqla və gənclərin şüurlu seçim etməsinə şərait yaratmaqla mümkündür.

Aybəniz FƏRƏCOVA

Şərur rayon qeydiyyat şöbəsinin rəisi, ədliyyə müşaviri