Azər Məmmədrəhimov: Rəqəmsal təhlükəsizlik artıq dövlət suverenliyinin ayrılmaz hissəsidir
Bu gün Naxçıvan Dövlət Universitetində “Cyber Threat Investigation & Digital Intelligence” mövzusunda BootCamp təşkil olunub.
“NAXÇIVANXƏBƏRLƏRİ”-nin məlumatına görə, tədbir Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə dəstəyi ilə baş tutub.
Tədbirin rəsmi açılışında çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov bildirib ki, müasir dövrdə informasiya təhlükəsizliyi artıq yalnız texniki məsələ deyil, dövlətin və cəmiyyətin dayanıqlılığını müəyyən edən əsas faktorlardan biridir:
“Artıq informasiya təhlükəsizliyi dərsliklərdəki terminlərdən çıxaraq dövlətimizin və hər bir vətəndaşımızın rəqəmsal azadlığının, suverenliyinin sarsılmaz təminatçısına çevrilib".
Nazir müavini qeyd edib ki, təşkil olunan bootcamp iştirakçılara yalnız nəzəri biliklərin ötürülməsi məqsədi daşımır. Təlim çərçivəsində real həyatı əks etdirən kiber ssenarilər üzərində işləməklə gənclərin praktiki bacarıqları inkişaf etdirilir:
“Bu bootcamp-i sadəcə təlim kimi deyil, real rəqəmsal müstəvidə peşəkar təcrübə toplamaq fürsəti kimi görməyinizi istərdim.”
Vurğulanıb ki, tədbir iştirakçıları rəqəmsal izlərin analizi, açıq mənbələrdən məlumatların toplanması və analitik yanaşmaların tətbiqi kimi müasir kiberkəşfiyyat metodları ilə tanış olurlar.
Azər Məmmədrəhimov çıxışında gənclərin bu sahədə roluna da xüsusi diqqət çəkib:
“Məqsədimiz sizi sadəcə bilikli mütəxəssis deyil, kiberməkanda baş verən mürəkkəb prosesləri analiz edə bilən və çevik həllər istehsal edən strateji oyunçular kimi görməkdir".
"Qeyd olunub ki, bu cür təşəbbüslər Naxçıvanda rəqəmsal transformasiyanın sürətləndirilməsi, eləcə də kibertəhlükəsizlik sahəsində peşəkar insan resurslarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır", - deyə nazir müavini qeyd edib.










