Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentlərinin dostluq qrupları Bakıda bir araya gəliblər

Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentlərinin dostluq qrupları Bakıda bir araya gəliblər

09 Aprel 2026

Aprelin 9-da Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin dostluq qrupları üzvlərinin 3-cü iclası keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov bildirib ki, ölkələrimiz arasında əlaqələr günbəgün genişlənir, inkişaf edir. O, bu əlaqələrin möhkəmlənməsində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu olduğunu vurğulayıb.

Əhliman Əmiraslanov Şimali Kiprlə də əlaqələrimizin genişləndiyini bildirərək, Milli Məclisdə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradıldığını diqqətə çatdırıb.

Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri, Şimali Kipr-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ziya Öztürklər ŞKTC-nin Türk Dövlətləri Təşkilatında, habelə TÜRKPA-da təmsil olunmasının qurum ölkələri ilə daha səmərəli əlaqələrin qurulmasına imkan verəcəyini deyib. O, Şimali Kiprin Türkiyə və Azərbaycan parlamentləri ilə mövcud olan uğurlu əməkdaşlığının bütün türk dövlətləri parlamentləri ilə də inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Üçtərəfli görüşdə çıxış edən Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev qrupun 2024-cü ildə yaradıldığını, ötən dövr ərzində parlamentlərimiz arasında sıx əlaqələrin olduğunu, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin baş tutduğunu bildirib.

Daha sonra tədbirdə TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan və Türkiyə parlamentləri arasında səmərəli əməkdaşlığın həm regional, həm də Türk dünyasında strateji əhəmiyyət daşıdığını qeyd edib. O, Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır, başqa ailəmiz yoxdur” fikrinin önəmini vurğulayaraq, Türk dünyası ölkələri arasında bütün sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində birgə səylərin vacibliyindən danışıb.