Şamil Ayrım: Azərbaycanla sülh Türkiyə-Ermənistan sərhədinin açılmasına gətirəcək
Azərbaycanla Ermənistan arasında sülh, uzunmüddətli barış baş tutduğu halda Türkiyə-Ermənistan sərhədləri də açılacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Türkiyə Böyük Millət Məclisi - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Milli Məclisdə keçirilən Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin işçi qruplarının birgə görüşü zamanı deyib.
O qeyd edib ki, Türk dövlətləri arasında təhsil, enerji, təhlükəsizlik məsələləri, mədəni tədbirlərin gücləndirilməsi çox önəmlidir.
Onun sözlərinə görə, bu gün Şərqi Aralıq dənizi bölgəsi təkcə enerji ehtiyatlarının deyil, həm də qlobal güc rəqabətinin və geosiyasi mübarizələrin mərkəzindədir. Bu kontekstdə Kipr məsələsi regional sabitlik üçün kritik əhəmiyyətini saxlayır:
"Aydındır ki, Kipr türk xalqının suveren bərabərliyi və bərabər beynəlxalq statusu nəzərə alınmadan davamlı həll mümkün deyil. Türkiyə olaraq, Şimali Kipr Türk Cümhuriyyətinin hüquq və mənafelərini qətiyyətlə müdafiə etməyə davam edəcəyik".
O əlavə edib ki, Türk Dövlətləri Təşkilatı təkcə əməkdaşlıq platforması deyil, həm də ortaq tarixin, mədəniyyətin və gələcəyin institusional təminatıdır:
"Bölgəmizin faktiki olaraq od halqası ilə əhatə olunduğu bir vaxtda belə bir mühüm görüşün Bakıda keçirilməsi türk dünyasında böyük məmnunluq yaradıb və regionun bütün dövlətləri tərəfindən yaxından izlənilib".








