Azərbaycanda 38 il ərzində 11 mindən çox İİV xəstəsi olub
Azərbaycanda 1987-ci ildən 2025-ci ilin ikinci rübünün sonunadək, 11 min 58 nəfər Səhiyyə Nazirliyinin Qazanılmış İmmunçatışmazlığı Sindromu ilə (QİÇS) Mübarizə Mərkəzində rəsmi qeydiyyata alınıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Səhiyyə Nazirliyindən məlumat verilib.
Həmin şəxslərdən 70 %-i kişilər, 30 %-i isə qadınlardır. Ölkədə 2006-cı ildən etibarən tətbiq edilən antiretrovirus müalicə proqramı çərçivəsində isə hazırda on mindən çox İİV-lə yaşayan şəxs daimi nəzarət və müalicə altındadır.
Xatırladaq ki, İnsan İmmunçatışmazlığı Virusu (İİV) – İnsan orqanizmində immun sistemin tədricən zəifləməsi ilə xarakterizə olunan, müalicə edilən müxtəlif ağırlaşmalar və yanaşı xəstəliklərin inkişafına gətirib çıxaran xroniki infeksion xəstəlikdir. Azərbaycanda ilk İİV-ə yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb.








