Azərbaycanda maliyyə sektoru üçün etik-peşəkar davranış kodeksi təsdiqlənib

Azərbaycanda maliyyə sektoru üçün etik-peşəkar davranış kodeksi təsdiqlənib

04 Avqust 2026

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Maliyyə sektorunda etik və peşəkar davranış Kodeksi"ni qəbul edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" AMB-yə istinadən xəbər verir ki, kodeks "2024–2026-cı illər üçün Maliyyə sektorunun inkişafı strategiyası" çərçivəsində maliyyə sektorunda peşəkarlığın artırılması və etik davranış standartlarının vahidləşdirilməsi məqsədilə hazırlanıb, maliyyə sektoru üzrə çalışan bütün peşəkarlar üçün vahid davranış çərçivəsi formalaşdıraraq etik prinsiplərə əməl edilməsində etibarlı istinad mənbəyi yaradır. Sənəd nəzarət subyektləri tərəfindən mövcud daxili kodekslərin təkmilləşdirilməsi, eyni zamanda yeni daxili kodekslərin yaradılması üçün institusional dəstək rolunu oynayır.

Sənəddə 8 etik prinsip, 6 peşəkar davranış qaydası və onların tətbiqinin təmin edilməsi mexanizmi əks olunub. Kodeks peşəkarların müştərilərə, maliyyə sektoru və institutlarına, digər peşəkarlara, qanunvericiliyə, cəmiyyətə və ətraf mühitə qarşı davranış standartlarını müəyyənləşdirir və çoxşaxəli peşəkar məsuliyyət anlayışını gücləndirir.

Bu təşəbbüs maliyyə sektorunda vahid etik və peşəkar davranış standartlarının formalaşmasına, peşəkarların inkişafı üçün münbit və dayanıqlı mühitin qorunmasına, maliyyə sektorunun davamlı inkişafı və sabitliyinin təmininə, həmçinin istehlakçıların maliyyə sektoruna olan etimadının artırılmasına xidmət edir.