İqnasio Kassis: Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik
İsveçrə Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Bakıda mətbuat üçün brifinqdə deyib.
"İsveçrə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasını ardıcıl olaraq dəstəkləyir. Sülh sazişinin paraflanmasından təxminən bir il sonra möhkəm sülhə nail olmaq üçün real imkan yaranıb. Biz fəxr edirik ki, İsveçrə bu prosesin irəliləməsinə kiçik də olsa öz töhfəsini verə bilib. Mən həmkarımı sazişin imzalanması və həyata keçirilməsi üçün zəruri olan səyləri davam etdirməyə çağırıram, bu barədə o, bu gün ətraflı danışdı", - o qeyd edib.
İ.Kassis bildirib ki, Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı Azərbaycan xarici işlər nazirinin vəziyyətə dair qiymətləndirmələrini eşitməkdən məmnun olub: "Bu, (normallaşdırma-red.) hər iki ölkə xalqlarının barışması və bütün regionda sabitliyin möhkəmləndirilməsi yolunda mühüm addım olacaq. İsveçrə, əgər faydalı olarsa və tərəflərin xahişi ilə Cənubi Qafqazda dialoqun və etimadın möhkəmləndirilməsi tədbirlərinin dəstəklənməsinə dair öz çoxillik ənənəsini davam etdirərək, bu prosesə kömək etməyə hazırdır".








