Kimlərə gələn aydan kompensasiya ödəniləcək?

Kimlərə gələn aydan kompensasiya ödəniləcək?

04 Avqust 2026

Prezident İlham Əliyevin imzaladığı “Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən, ixrac rəsmiləşdirilmə xərclərinə görə sahibkarlara kompensasiyaların ödənilməsinə başlanacaq. Sənəd Azərbaycan mənşəli qeyri neft-qaz mallarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi xərclərinin dövlət tərəfindən kompensasiya edilməsini nəzərdə tutur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. 

Deputat qeyd edib ki, gələn aydan ödənilməyə başlanılacaq kompensasiyalar mənşə sertifikatı ilə müəyyənləşdiriləcək və vəsaiti Azərbaycan mənşəli malların ixracatını həyata keçirən mikro, kiçik və orta sahibkarlar ala biləcək. Onun sözlərinə görə, bu zaman ixrac olunmuş qeyri neft-qaz mallarına görə gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanacaq.

"Kompensasiyanın məbləğinə gəldikdə isə gömrük dəyəri üzrə tətbiq edilən yığım hədlərinə görə fərqli olacaq. 2026-cı il sentyabrın 1-dən 2031-ci il sentyabrın 30-dək həyata keçiriləcək ixrac əməliyyatlarına görə hesablanacaq kompensasiyalarda hər bir ixrac bəyannaməsi üzrə yuxarı hədd müəyyən ediləcək və ödənişlər ona əsasən veriləcək.

Kompensasiyaların verilməsi ixrac həyata keçirən mikro, kiçik və orta sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsinə imkan verəcək. Bu, həmçinin qeyri neft-qaz ixracının strukturunun dəyişməsinə və bazarlar üzrə şaxələnməsinə də şərait yaradacaq", - deyə V.Bayramov əlavə edib.