Azərbaycanın mineral resurs potensialının xəritəsi hazırlanacaq
Azərbaycanın işğaldan azad edilmiş əraziləri də daxil olmaqla, ölkənin mineral resurs potensialının xəritəsi hazırlanacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Prezident İlham Əliyevin sədrliyi ilə "2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.
Onun sözlərinə görə, hazırda "AzerGold" mineral resurs bazasının artırılması və yeni mədənlərdə istismara başlanılması məqsədilə genişmiqyaslı işlər görür.
"Proses 4 əsas mərhələdə həyata keçirilir. İlkin axtarış-qiymətləndirmə mərhələsində dövlət büdcəsi hesabına 15 min kvadratkilometr ərazidə tədqiqatlar davam etdirilir və işlərin 2027-ci ildə tamamlanması planlaşdırılır. Nəticədə işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, ölkənin mineral resurs potensialının xəritəsi hazırlanacaq. Naxçıvan Muxtar Respublikasında ilkin axtarış-qiymətləndirmə işlərini Sizin iştirakınızla Birləşmiş Ərəb Əmirlikləri şirkəti ilə imzalanmış müqavilə çərçivəsində planlaşdırılan birgə müəssisə həyata keçirəcək.
Axtarış-qiymətləndirmə mərhələsində hazırda 10 perspektivli qızıl-mis sahəsi üzrə işlər davam edir və bu mərhələnin də 2027-ci ildə yekunlaşdırılması planlaşdırılır. İlkin kəşfiyyat mərhələsində 5 yataq üzrə iqtisadi cəhətdən səmərəli ehtiyatların müəyyənləşdirilməsi davam etdirilir. Naxçıvanda "Göydağ" və "Başkənd" mis-qızıl yataqları, Balakəndə "Mazımçay" mis yatağı üzrə artıq ümumilikdə təxminən 1,5 milyon qızıl ekvivalenti unsiya ilkin resurs müəyyən edilib. Naxçıvandakı "Nəsirvaz", Kəlbəcərdəki "Tutxun" qızıl yataqları üzrə isə ehtiyatların hesablanması davam edir. Sonuncu mərhələdə – dəqiq kəşfiyyat və texniki-iqtisadi əsaslandırma mərhələsində 3 yataq artıq istismara hazırlanır. "Söyüdlü" üzrə təxminən 1,03 milyon unsiya qızıl, "Ortakənd" üzrə 246 min unsiya qızıl, "Filizçay" üzrə isə 4 milyon qızıl ekvivalentində unsiya resurs müəyyən edilib", - deyə sədr qeyd edib.








