Ətraf mühitlə bağlı qanunlara yeni dəyişikliklər təklif olunur

Ətraf mühitlə bağlı qanunlara yeni dəyişikliklər təklif olunur

22 Sentyabr 2026

“Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sentyabrın 22-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Layihənin hazırlanması Təbii Resursların İdarə Edilməsi İndeksinin "yerli təsirlərin idarə edilməsi" alt- komponenti üzrə Azərbaycanın göstəricilərinin yaxşılaşdırılması, hasilat sektorunda ətraf mühitə və sosial təsirlərə dair məlumatların açıqlığının artırılması zərurətindən irəli gəlir. Bu məsələ, həmçinin Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Effektiv idarəetmə və makroiqtisadi göstəricilər" işçi qrupunun 2023-cü il üzrə Fəaliyyət Planında Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) hesabatlarının ictimaiyyətə açıqlanmasına dair normaların hazırlanması barədə tapşırıqda öz əksini tapıb.

Layihəyə əsasən, "Ətraf mühitin mühafizəsi haqqında" Qanunun 18-ci maddəsi yeni redaksiyada verilir. Ətraf mühitin istehsalat monitorinqinin ƏMTQ tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslər tərəfindən aparılması, istifadə edilən ölçmə vasitələrinin qanunvericiliyə uyğunluğunun təmin edilməsi və monitorinq nəticələri barədə illik hesabatın növbəti ilin fevral ayının 1-dən gec olmayaraq aidiyyəti dövlət orqanına təqdim edilməsi müəyyən olunur.

"Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Qanunun 12.1.4-cü maddəsinə təklif edilən dəyişikliklə sifarişçinin ƏMTQ sənədini aidiyyəti dövlət orqanının rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi üçün həmin orqana təqdim etmək öhdəliyi təsbit edilir. Bununla ƏMTQ nəticələrinin ictimaiyyət üçün davamlı əlçatanlığı təmin olunur. ƏMTQ sənədinin dərc üçün təqdim edilməsi öhdəliyinin sifarişçiyə aid edilməsi sənəddə kommersiya sirri təşkil edə bilən məlumatların mövcudluğu nəzərə alınmaqla daha etibarlı hüquqi həll hesab edilib.

Layihə hazırlanarkən sahibkarlıq subyektlərinə düşən inzibati yükün mütənasibliyi nəzərə alınıb və istehsalat monitorinqi öhdəliyi ƏMTQ tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslərlə məhdudlaşdırılıb.