Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, növbəti köç çərçivəsində Xankəndi şəhərinə və Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Təzəbinə, Xanyurdu, Xanabad və Ballıca, Ağdərə rayonunun Vəngli, Çapar və Aşağı Oratağ, Cəbrayıl rayonunun isə Şükürbəyli kəndlərinə köç karvanları yola salınıb.
Köçürülənlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xankəndi şəhərinə 3 ailə – 13 nəfər, Kərkicahan qəsəbəsinə 5 ailə – 22 nəfər, Xocalının Təzəbinə kəndinə 7 ailə – 31 nəfər, Xanyurdu kəndinə 5 ailə – 22 nəfər, Xanabad kəndinə 2 ailə – 10 nəfər, Ballıca kəndinə 1 ailə – 4 nəfər köçürülür.
Həmçinin Ağdərənin Vəngli kəndinə 4 ailə – 14 nəfər, Çapar kəndinə 4 ailə – 11 nəfər, Aşağı Oratağ kəndinə 4 ailə – 9 nəfər, Cəbrayılın Şükürbəyli kəndinə isə 24 ailə – 148 nəfər yola salınıb.
Beləliklə, bu mərhələdə ümumilikdə 59 ailə – 284 nəfər doğma yurduna qayıdır.
Doğma yurda qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar torpaqların işğaldan azad edilməsində iştirak edən Azərbaycan Ordusunun hərbçilərinə minnətdarlıqlarını ifadə edib, şəhidlərin xatirəsini yad ediblər.








