Orta ixtisas təhsili müəssisələrinin sayı artıb
2025/2026-cı tədris ilinin əvvəlinə Azərbaycanda dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrinin sayı 64 olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” statistik məcmuəsində qeyd olunub.
Məlumata görə, həmin müəssisələrdə təhsil alan tələbələrin sayı 65,8 min nəfər təşkil edib. Bu göstərici 2024/2025-ci tədris ilində 63,4 min nəfər olub.
Tələbələrin 61,5 min nəfəri əyani, 4,3 min nəfəri isə qiyabi təhsilalma formasında təhsil alıb.
2025/2026-cı tədris ilində orta ixtisas təhsili müəssisələrinə 24,7 min nəfər tələbə qəbul olunub. Onlardan 24 min nəfəri əyani, 0,7 min nəfəri isə qiyabi təhsilalma formasını seçib. Əhalinin hər 10 min nəfərinə düşən tələbələrin sayı da artaraq 64 nəfərə çatıb. 2024/2025-ci tədris ilində bu göstərici 62 nəfər olub. Qeyd edək ki, 2000/2001-ci tədris ilində orta ixtisas təhsili müəssisələrində 42,6 min tələbə təhsil alıb. Beləliklə, son 25 il ərzində bu müəssisələrdə tələbələrin sayı 23,2 min nəfər artıb.








