Naxçıvanda multikultural dəyərlərə həsr olunan tədbir keçirilib
Naxçıvan Şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş “Sülh Aylığı” çərçivəsində “Sülhün və həmrəyliyin möhkəmləndirilməsində multikultural dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri, deputatlar, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxış edərək sülh və həmrəyliyin bəşəriyyət üçün mühüm dəyərlər olduğu vurğulayıb. Qeyd edilib ki, müxtəlif xalqların, mədəniyyətlərin və dini konfessiyaların qarşılıqlı hörmət və anlaşma şəraitində birgəyaşayışı cəmiyyətdə sabitliyin, sosial həmrəyliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfə verir. Gülxanım Orucova çıxışında Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən multikulturalizm və tolerantlıq siyasətinin ölkəmizdə sülh, sabitlik və həmrəyliyin möhkəmləndirilməsinə, eyni zamanda Azərbaycanın dünyada mədəniyyətlərarası və dinlərarası dialoq məkanı kimi tanınmasına mühüm töhfə verdiyini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi direktorunun müavini Cəbi Quliyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova çıxış edərək, tədbirdə multikulturalizm, tolerantlıq və dini müxtəlifliyə hörmətin sülh mədəniyyətinin formalaşmasında rolu barədə fikirlər səsləndiriblər. Bu dəyərlərin qorunmasının və gələcək nəsillərə ötürülməsinin cəmiyyətin mənəvi inkişafı baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Çıxışlarda sülhün qorunması, cəmiyyətdə həmrəyliyin gücləndirilməsi, müxtəlif dini və mədəni dəyərlərə hörmətlə yanaşılması, eləcə də tolerantlıq ənənələrinin yaşadılmasının vacibliyi vurğulanıb.
Daha sonra tədbir iştirakçılarına mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.
Sonda bildirilib ki, sülhün və həmrəyliyin möhkəmləndirilməsi, qarşılıqlı hörmət və dialoq mühitinin inkişaf etdirilməsi davamlı ictimai tərəqqinin mühüm şərtlərindəndir. Tədbirin məqsədi cəmiyyətdə sülh mədəniyyətinin, multikultural dəyərlərin və həmrəylik prinsiplərinin təşviqinə töhfə vermək olub.








