Azərbaycanla Serbiya müdafiə nazirlikləri arasında ekspert görüşü keçirilib
Azərbaycanla Serbiya arasında hava hücumundan müdafiə sistemlərinə qarşı qorunma yolları müzakirə olunub.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanla Serbiya müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda "Pilotsuz sistemlərin tətbiqi və bölmələrin hazırlıq səviyyəsinin təmin edilməsi üzrə ekspert görüşü" keçirilib.
Görüşdə ölkələrin silahlı qüvvələrində mövcud olan pilotsuz uçuş sistemləri barədə ətraflı məlumat verilib, insansız qüvvələrin təşkili, həmçinin texniki xidmət istiqamətlərində geniş fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, pilotsuz uçuş sistemlərinin tətbiqi imkanları, radioelektron mübarizə və hava hücumundan müdafiə sistemlərinə qarşı effektiv qorunma yolları müzakirə olunub, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
Qeyd edək ki, ekspert görüşü iki ölkə arasında pilotsuz uçuş sistemləri sahəsində qarşılıqlı təcrübə mübadiləsi və döyüş hazırlığının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.








