Babək rayonunda payız suvarmasına hazırlıq işləri aparılır

Babək rayonunda payız suvarmasına hazırlıq işləri aparılır

16 Sentyabr 2026

Payız suvarması mövsümündə kənd təsərrüfatı torpaqlarının və bağların su ilə vaxtında təmin olunması məqsədilə Babək rayonunda suvarma sistemlərində təmir-bərpa işləri aparılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Babək rayon şöbəsi tərəfindən nasos stansiyalarının, təzyiqli boru xətlərinin və digər suvarma qurğularının saz vəziyyətdə saxlanılması istiqamətində müvafiq tədbirlər görülür.

Görülən işlər çərçivəsində Nehrəm, Araz-1, Araz-2, Qaraçuq-1 və Qaraçuq-2 nasos stansiyalarında, eləcə də Naxçıvançay üzərində yerləşən nasos qurğularında təmir-bərpa işləri aparılır. Eyni zamanda Hacıvar, Şəkərabad, Qoşadizə, Nehrəm və digər ərazilərdə kənd təsərrüfatı sahələrinin və bağların suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə suvarma sistemlərinin texniki vəziyyətinə baxış keçirilir, aşkar olunan nasazlıqlar aradan qaldırılır.

Bununla yanaşı, Araz-1 nasos stansiyasının Nehrəm və Kökəltmə təzyiqli boru xətlərində, həmçinin Cəhri-2 nasos stansiyasında təmir-bərpa işləri həyata keçirilir.

Aparılan işlərin əsas məqsədi payız suvarması dövründə suvarma sistemlərinin dayanıqlı fəaliyyətini təmin etmək, kənd təsərrüfatı torpaqlarının və bağların su ilə vaxtında təmin olunmasına şərait yaratmaqdır.

Rayon ərazisində su təsərrüfatı obyektlərinin texniki vəziyyəti nəzarətdə saxlanılır, payız suvarmasının səmərəli təşkili üçün zəruri tədbirlər görülür.