Bakı–Aşqabad münasibətlərində yeni strateji mərhələ: qardaşlıqdan geosiyasi tərəfdaşlığa
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iyunun 22-də Azərbaycana dövlət səfəri iki qardaş ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Əslində, bu kimi dövlət səfərləri çox zaman yalnız protokol xarakterli tədbirlər kimi qəbul edilir. Lakin Bakı–Aşqabad münasibətlərinin bugünkü dərinliyi, imzalanan sənədlərin çoxşaxəliliyi və hər iki prezidentin mətbuata verdiyi bəyanatlarda yer alan konkret strateji mesajlar göstərir ki, bu səfəri adi diplomatik mərasim kimi dəyərləndirmək düzgün olmazdı.
Görüşün ümumi mahiyyətini müəyyən edən əsas amil xalqlarımızı birləşdirən ortaq tarix, üst-üstə düşən strateji maraqlar və gələcəyə dair ümumi baxış idi. Prezident İlham Əliyev xalqlarımızı ortaq tarixin birləşdirdiyini vurğulayaraq bunun ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını xüsusi qeyd etdi. Bu fikir diplomatik baxımdan olduqca dəqiq və strateji mahiyyət daşıyır. Azərbaycan və Türkmənistan eyni kökdən gələn türk xalqlarıdır, ortaq mədəniyyətə malikdir, eyni dil ailəsinə mənsubdur, sovet dövrünün ortaq siyasi yaddaşını bölüşür və müstəqilliklərinin ilk illərindən etibarən paralel inkişaf trayektoriyası keçiblər. Bu tarixi baza olmadan iki ölkə arasındakı mövcud siyasi dialoqu tam anlamaq mümkün deyil.
Protokol baxımından diqqət çəkən mühüm məqamlardan biri də Türkmənistan Prezidentinin Bakıya geniş nümayəndə heyəti ilə gəlməsi idi. Prezident İlham Əliyevin bunu xüsusi vurğulaması təsadüfi deyildi. Bu, onu göstərirdi ki, görüş yalnız iki lider arasında baş verən simvolik siyasi təmasdan ibarət deyil, əksinə, nazirliklərdən başlayaraq müxtəlif dövlət qurumlarını əhatə edən geniş icra platformasını özündə birləşdirir. Səfər çərçivəsində nümayəndə heyəti üzvlərinin azərbaycanlı həmkarları ilə ayrıca görüşlər keçirməsi və sahələr üzrə konkret razılaşmalar əldə etməsi bu səfərin yüksək işgüzar mahiyyətini ortaya qoydu. Belə format siyasi iradənin birbaşa icra mexanizminə ötürülməsinə imkan yaradır ki, bu da beynəlxalq münasibətlər praktikasında nadir rast gəlinən nümunələrdəndir.
Danışıqlar çərçivəsində ön plana çıxan əsas istiqamətlərdən biri nəqliyyat-tranzit əməkdaşlığı oldu. Sərdar Berdiməhəmmədov bu sahəni əməkdaşlığın strateji istiqamətlərindən biri kimi xarakterizə edərək hər iki ölkənin əlverişli coğrafi mövqeyinin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm üstünlüklər yaratdığını bildirdi. Bu fikrin arxasında ciddi geoiqtisadi reallıq dayanır. Türkmənistan dünyanın böyük təbii qaz ehtiyatlarına malik ölkələrindən biridir və Xəzər dənizinin şərqində yerləşən mühüm enerji aktorudur. Azərbaycan isə Xəzərin qərbində yerləşərək həm Türkmənistanın, həm də bütövlükdə Mərkəzi Asiyanın Qərb bazarlarına çıxışında əsas tranzit körpüsü rolunu oynayır. Məhz bu geostrateji reallıq iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığın formalaşmasını şərtləndirən əsas amillərdən biridir.
Bu baxımdan görüşdə irəli sürülən iki təşəbbüs xüsusi diqqət çəkdi. Birincisi, Türkmənistan–Azərbaycan Nəqliyyat, Tranzit və Logistika Komissiyasının fəaliyyətinin daha da aktivləşdirilməsi barədə razılaşma oldu. İkincisi isə Türkmənistan–Azərbaycan–Gürcüstan–Rumıniya marşrutu üzrə Xəzər dənizi–Qara dəniz nəqliyyat dəhlizinin formalaşdırılması təşəbbüsünün dəstəklənməsi idi. Bu layihə xüsusilə ona görə əhəmiyyətlidir ki, Mərkəzi Asiyanı birbaşa Avropa ilə birləşdirən Orta Dəhlizin institusional arxitekturasının mühüm elementlərindən birinə çevrilə bilər.
Prezident İlham Əliyev də öz növbəsində Şərq–Qərb istiqamətində nəqliyyat və tranzit dəhlizlərinin inkişafında sıx əməkdaşlıq barədə ortaq mövqenin formalaşdığını vurğuladı. Burada söhbət sadəcə yük daşımalarından və logistika imkanlarından deyil, bütövlükdə Avrasiyanın yeni geoiqtisadi xəritəsinin formalaşdırılmasından gedir.
Enerji əməkdaşlığı məsələsi isə görüşün ən strateji istiqamətlərindən biri kimi xüsusi diqqət çəkdi. Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, enerji təhlükəsizliyi hazırda qlobal gündəliyin əsas məsələlərindən biridir və Azərbaycanla Türkmənistan bu sahədə həm milli, həm də birgə platformalar çərçivəsində regional və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm aktor kimi çıxış edirlər. Bu yanaşmanın arxasında ciddi geosiyasi və geoiqtisadi hesablamalar dayanır. Bu baxımdan Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Orta Dəhliz kimi layihələr artıq formalaşmış etimadın konkret nəticələri hesab olunur. İmzalanan energetika sahəsində əməkdaşlıq sazişi də bu istiqamətin prioritet xarakter daşıdığını bir daha təsdiqlədi.
Xəzər dənizi mövzusu görüşdə ayrıca strateji mərkəz kimi önə çıxdı. Sərdar Berdiməhəmmədov Xəzərlə bağlı əməkdaşlığa toxunaraq təhlükəsizlik, iqtisadiyyat, ekologiya və ətraf mühitin qorunması sahələrində birgə fəaliyyətin vacibliyini vurğuladı. Onun Xəzər məsələlərinə dair yüksəksəviyyəli görüş keçirilməsi təşəbbüsü və ekoloji əməkdaşlığın genişləndirilməsi çağırışı onu göstərir ki, artıq tərəflər bu istiqamətdə praktiki mərhələyə keçmək niyyətindədirlər. Xəzər beş sahilyanı dövlətin strateji maraqlarının kəsişdiyi mürəkkəb geosiyasi məkandır və Azərbaycanla Türkmənistanın burada ahəngdar mövqe nümayiş etdirməsi hər iki ölkənin regional danışıqlardakı mövqeyini daha da gücləndirir.
Görüşün ən simvolik məqamlarından biri isə “Dostluq” tankerinin təqdim olunması mərasimi oldu. Bakı Gəmiqayırma Zavodunda inşa edilən, uzunluğu 141 metr, eni 16,9 metr, suya oturumu 4,54 metr və dedveyti 7875 ton olan bu gəminin Türkmənistan tərəfinə təqdim edilməsi iki ölkə arasındakı münasibətlərin rəmzi kimi böyük siyasi və mənəvi məna daşıyır. Sərdar Berdiməhəmmədov bu addımı qardaşlıq münasibətlərinin növbəti təzahürü kimi qiymətləndirdi. “Dostluq” ifadəsinin həm Azərbaycan, həm də türkmən dilində eyni məna daşıması bu simvolizmi daha da gücləndirir. Bu addım eyni zamanda Azərbaycanın gəmiqayırma sənayesinin regional miqyasda artan potensialının nümayişi kimi qiymətləndirilə bilər.
Mənəvi-humanitar ölçü də görüşün mühüm komponentlərindən biri oldu. Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Füzuli şəhərində məscid inşa olunmasına dəstək təşəbbüsünə görə minnətdarlığını ifadə etdi. Bu təşəbbüs yalnız dini və mədəni mahiyyət daşımır. Bu, həm də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesinə verilən qardaş dəstəyinin mühüm göstəricisidir.
Eyni zamanda görüşdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi məsələsi də xüsusi vurğulandı. Ötən il Azərbaycanda Türkmənistan Mədəniyyəti Günlərinin, Türkmənistanda isə Azərbaycan Mədəniyyəti Günlərinin təşkili xalqlar arasında mənəvi bağların daha da gücləndirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Dövlətlər siyasi iradə ortaya qoyur, xalqlar isə həmin münasibətlərin uzunömürlü və dayanıqlı ictimai təməlini yaradır. Bu iki proses paralel getdikdə münasibətlər həqiqətən davamlı xarakter alır.
Geniş sənəd paketinin imzalanması isə səfərin ən praktik nəticəsi oldu. İki prezidentin Birgə Bəyanatı ilə yanaşı, 2026–2029-cu illəri əhatə edən xarici siyasət əməkdaşlıq proqramı, gömrük statistikası protokolları, maliyyə qurumları arasında memorandumlar, sənaye sahəsində əməkdaşlıq proqramları, energetika, səhiyyə, əmək və sosial müdafiə, qida təhlükəsizliyi və digər istiqamətləri əhatə edən çoxşaxəli sənəd paketi imzalandı.
Bu sənədlərin mahiyyətinə diqqət etdikdə aydın görünür ki, hər bir imza əslində iki ölkənin müxtəlif dövlət institutları arasında texniki inteqrasiyanın dərinləşməsinə xidmət edir. Mərkəzi banklar arasındakı anlaşmalar maliyyə inteqrasiyasının, enerji sazişi Xəzər üzərində birgə layihələrin, qida təhlükəsizliyi sahəsindəki razılaşmalar isə aqrar əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Bir gün ərzində bu qədər konkret öhdəliyin rəsmiləşdirilməsi münasibətlər üçün illərlə formalaşdırılan etimad bazasının nə qədər güclü olduğunu ortaya qoyur.
Sərdar Berdiməhəmmədov səfərin yekununda bildirdi ki, Türkmənistan və Azərbaycan arasında əməkdaşlıq bütün əsas istiqamətlər üzrə inkişaf etməyə davam edəcək və bu, hər iki ölkənin uzunmüddətli maraqlarına tam cavab verir. Məhz “uzunmüddətli maraqlar” ifadəsi iki ölkə arasındakı münasibətlərin təsadüfi diplomatik yaxınlaşmadan deyil, strateji hesablamaya əsaslanan dayanıqlı tərəfdaşlıqdan qaynaqlandığını göstərir.
Bütün bu proseslərə regional geosiyasi kontekstdən baxdıqda səfərin əhəmiyyəti daha aydın görünür. Avrasiyada geosiyasi düzənin yenidən formalaşdığı, enerji resurslarının diplomatik alətə çevrildiyi və beynəlxalq nəqliyyat dəhlizlərinin yeni iqtisadi güc indikatoruna çevrildiyi bir dövrdə Azərbaycan ilə Türkmənistanın bu səviyyədə dərin strateji əməkdaşlıq modeli qurması olduqca mühüm siyasi mesajdır.
Beləliklə, Sərdar Berdiməhəmmədovun Bakı səfəri Azərbaycan–Türkmənistan münasibətlərində yalnız diplomatik yaxınlaşma deyil, bütövlükdə Xəzər hövzəsi və Avrasiya məkanında yeni geosiyasi əməkdaşlıq modelinin formalaşmasının mühüm siyasi göstəricisi kimi tarixə düşməkdədir.
Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı








