Naxçıvanda III karyera sərgisi təşkil olunub

Naxçıvanda III karyera sərgisi təşkil olunub

23 İyun 2026

Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə “Karyera sərgisi 2026” keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirin açılışında çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən birinin məşğulluğun artırılması və insan kapitalının inkişaf etdirilməsi olduğunu bildirib. Samir Seyidəhmədli dövlət, ali təhsil müəssisələri və özəl sektor arasında əməkdaşlığın gənclərin məşğulluğunun təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. Əmək bazarında şəffaf işə qəbul mexanizmlərinin formalaşdırılmasının, namizədlərin yalnız diplomla deyil, peşəkar bacarıqlar, sertifikatlar, könüllü fəaliyyət və fərdi təşəbbüslər əsasında qiymətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın muxtar respublikanın davamlı inkişafını təmin edən mühüm strateji sənəd olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində muxtar respublikada yeni iş yerlərinin yaradıldığını, sahibkarlığın inkişafının dəstəkləndiyini və vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. Baş nazir qeyd edib ki, muxtar respublikada işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunması məqsədilə əmək yarmarkaları təşkil edilir, peşə hazırlığı kursları keçirilir, özünüməşğulluq proqramları icra olunur və peşəyönümlü xidmətlər göstərilir.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında universitetlə əmək bazarı arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyini bildirib. Qeyd edib ki, Naxçıvan Dövlət Universiteti Naxçıvanda ən geniş işəgötürən müəssisə olmaqla yanaşı, yüksəkixtisaslı kadr hazırlığında da mühüm rol oynayır. Rektor vurğulayıb ki, universitetdə tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi, onların peşəkar formalaşmasına dəstək verilməsi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı istiqamətində ardıcıl iş aparılır.

Elbrus İsayev əvvəlki illərdə təşkil olunan karyera sərgilərinin nəticələrinə də toxunaraq bildirib ki, əvvəlki iki karyera sərgisində 200-ə yaxın namizəd işlə təmin olunub.

Naxçıvan MR-in əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə bildirib ki, Cənab Prezident İlham Əliyevin aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və müasir kənd təsərrüfatının formalaşdırılması ilə bağlı verdiyi tapşırıqlar bu sahədə yüksək ixtisaslı mütəxəssislərə olan tələbatı daha da artırır. Nazir vurğulayıb ki, bu gün qarşımızda duran əsas vəzifələrdən biri də həmin çağırışlara cavab verə biləcək peşəkar insan kapitalının hazırlanması və gənclərin əmək bazarına uğurlu inteqrasiyasının təmin edilməsidir.

“Ləzzət Qida Sənaye” MMC-nin direktoru Teymur Rzayev çıxışında müasir əmək bazarında baş verən sürətli dəyişikliklərdən və iş dünyasının yeni tələblərindən danışıb. Qeyd edib ki, gələcəyin əmək bazarında uğur qazanmaq üçün gənclər yalnız nəzəri biliklərlə kifayətlənməməli, rəqəmsal savadlılıq, süni intellekt alətləri ilə işləmək bacarığı, kommunikasiya, liderlik, analitik düşüncə və təşəbbüskarlıq kimi bacarıqlarını inkişaf etdirməlidirlər.

İstanbul Universiteti Cərrahpaşa və Naxçıvan Dövlət Universitetinin professoru, İstanbul Universiteti Cərrahpaşa – Karyera Mərkəzinin müdiri Aysel Ersoy çıxışında biliklərin sürətlə yeniləndiyi müasir dövrdə ömürboyu öyrənmənin vacibliyini vurğulayıb. Professor qeyd edib ki, gələcəyin uğurlu mütəxəssisləri dəyişikliklərə uyğunlaşan, öz üzərində daim çalışan və peşəkar inkişafını fasiləsiz davam etdirən şəxslər olacaq.

Sərgi çərçivəsində ümumilikdə 2346 vakansiya təqdim olunub. Bunlardan 2066-sı dövlət sektoruna, 280-i isə özəl sektora aiddir. Tədbir iştirakçılar üçün əmək bazarının mövcud imkanları ilə tanış olmaq, işəgötürənlərlə birbaşa əlaqələr qurmaq və gələcək karyeralarını planlaşdırmaq baxımından mühüm platforma rolunu oynayıb.