Kimlərə əmək müqaviləsi bağladıqdan sonra altı ay keçmədən də məzuniyyət verilir?
Qanunvericiliyə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra yaranır.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, bir sıra kateqoriyalardan olan işçilər var ki, onlar işin birinci ili üçün əmək məzuniyyəti hüququndan əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan, yəni altı ay müddət gözləmədən istifadə edə bilər.
Həmin işçilərin sırasına
· əlilliyi olan şəxslər,
· on səkkiz yaşına çatmamış işçilər,
· qadınlar (hamiləliyə və doğuşa görə sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra),
· müddətli həqiqi hərbi xidmətdən buraxıldıqdan 3 ay keçənədək işə götürülən işçilər,
· hərbi qulluqçunun arvadı (əri),
· təhsil müəssisələrində oxuyan şəxslər (kurs işlərinin və ya imtahanların verildiyi, diplomun müdafiə edildiyi vaxtda),
· əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlər
aiddir.
Bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə də işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində verilir.








