Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır

Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır

23 İyun 2026

Müstəqil, qalib Azərbaycanımızın memarı Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanıldı. Azərbaycan gəncləri hərbi təhsil almaq üçün sovetlər birliyinin müxtəlif şəhərlərinə göndərildi. Ordu quruculuğu sahəsində mühüm nailiyyətlər qazanıldı. 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəb – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı. Dahi rəhbərin uzaqgörənliyi sayəsində Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına nail olundu.

“Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır”, – deyən Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində təhsil alması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu. Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Liseyin yaradılması da dahi rəhbərin zəhmətidir.

Ötən əsrin 90-cı illərində Azərbaycan müstəqilliyini itirmək təhlükəsi qarşısında qalanda Tanrı xalqımıza səbir və dözüm verdi. Vətənimizin dahi oğlunun Naxçıvana gəlişi bizi bütün təhlükələrdən qorudu. Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilməyən mərkəzi hakimiyyət nəinki torpağımızı qoruyur, əksinə qardaş qırğınına yol açmaqdan çəkinmirdi. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı.

Məhz belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. 1994-cü ildə atəşkəsə nail olunduqdan sonra iqtisadiyyatımız gücləndi və buna paralel olaraq ordumuz güc qazandı. Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə isə Azərbaycan Milli Ordusunun inkişafı yeni mərhələyə qədəm qoydu. Hərbi sahədə uğurlu islahatlar aparıldı. Cənab İlham Əliyev prezident seçiləndən sonra ölkəmizin hərbi xərcləri 24 dəfə artdı. Ölkə başçısı hər zaman bəyan etdi ki, Azərbaycan dövlətinin qarşısında hərbi büdcəni artıraraq Ermənistanın ümumi dövlət büdcəsini keçmək vəzifəsi dayanır. 2004-cü ildən etibarən ölkəmiz öz hərbi xərclərini bu vəzifəyə uyğun olaraq hər il artıraraq Prezident İlham Əliyevin müəyyən etdiyi hədəfə çatdı və onu keçdi.

Azərbaycanın döyüş hazırlıqlı, modern silahlar və döyüş vasitələri ilə təchiz olunmuş Silahlı Qüvvələrinin yaradılması, saxlanması böyük həcmdə vəsait tələb edirdi. Bu hədəfə isə Azərbaycanın sürətli iqtisadi inkişafı sayəsində çatmaq mümkün oldu. 2006-cı ildə  hərbi xərclərdə daha böyük artım edildi , bu məqsədlə dövlət büdcəsindən 750 milyon ABŞ dolları ayrıldı. 2007-ci ildə isə hərbi xərclər 1 milyard dollara yaxınlaşdı. Nəhayət, 2010-cu ildə bu xərclər 2 milyard 150 milyon dollara çataraq Ermənistanın ümumi dövlət büdcəsinin xərclərini ötdü və Ermənistan Azərbaycanla hərbi potensial baxımından rəqabətə girməyin qeyri-mümkünlüyünü anladı. Onu da vurğulamaq lazımdır ki, ölkəmizdə 1300-dən çox adda hərbi təyinatlı silah-sursatın istehsal olunması dövlətimizin başçısının ordu quruculuğuna verdiyi xüsusi önəmin bariz nümunəsidir.

Bu gün fəxr hissi ilə qeyd edirik ki, 2016-cı ildə Aprel, 2018-ci ildə Günnüt zəfəri ilə düşmənin illərdir, yaratdığı mifi darmadağın edən qüdrətli Azərbaycan Ordusu 2020-ci ildə qəti qələbə qazanaraq Ulu Öndərin arzusunu gerçəyə çevirdi. Bu möhtəşəm qələbə təkcə Qafqaz regionunda deyil, bütün dünyada böyük əks-səda doğurdu. Aparılan döyüşlər 2020-ci il noyabrın 10-da Azərbaycanın şanlı qələbəsi, Ermənistan ordusunun tam məğlubiyyəti, kapitulyasiyası ilə yekunlaşdı. 44 gün davam edən Vətən müharibəsi bütün dünyaya Azərbaycan dövlətinin qüdrətini, ordumuzun nəyə qadir olduğunu nümayiş etdirdi. Rəsmi İrəvanın öz ordusu barədə yaratdığı “məğlubedilməzlik” təsəvvürü yerlə yeksan edildi. 2023-cü ilin sentyabrında cəmi 23 saat 43 dəqiqə ərzində Qarabağda antiterror əməliyyatları həyata keçirməklə ölkəmiz ərazi bütövlüyünü tamamilə bərpa etdi. Müzəffər Sərkərdənin “Dəmir Yumruğu” düşməni pərən-pərən etdi. Rəşadətli ordumuz Ermənistanın 30 illik işğalına tamamilə son qoydu və düşməni diz çökdürdü. Bu, Azərbaycanın dünya miqyasında nüfuzunu daha da artırdı.

Zəfər paradı ölkəmizin gücünü, rəşadətli ordumuzun qüdrətini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. Onu da deyək ki, Azərbaycanın XXI əsrdə və MDB məkanında Zəfər paradı keçirən ilk ölkə oldu. Xalq öz dövlətinin və Sərkərdəsinin gücünü bir daha gördü. Zəfər paradından 3 il sonra Xankəndidə və ötən il isə Bakıda Vətən savaşındakı qələbənin 5-ci ildönümünə həsr olunmuş paradda meydanda addımlayan qalib ordunun ayaq səsləri dünyada eşidildi.

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti nəticəsində Azərbaycanın dinamik iqtisadi inkişafı istiqamətində işlər uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, 2022-ci ilin dövlət büdcəsindən hərbi və təhlükəsizlik sahəsinə ayrılan vəsaitin məbləği rekord həddə çatıb – 4 milyard 489 milyon 892 min 429 manat. Hər il həmin məbləğ artaraq davam edir. Bunlarla bərabər, Silahlı Qüvvələrimizin gücləndirilməsi, ordumuzun döyüş qabiliyyətinin daha da yüksəldilməsi, müasir döyüş texnikaları ilə, silah-sursatla təchizatı daim diqqət mərkəzində saxlanılır.

Hazırda Silahlı Qüvvələrimiz müasir zirehli texnika ilə, artilleriya və aviasiya ilə komplektləşdirilir. Raketdən müdafiə sistemləri, təyyarələr və döyüş helikopterləri alınaraq səmamızın təhlükəsizliyi möhkəm qorunur, bundan başqa, yaxın və uzaqmənzilli böyük dağıdıcı gücə malik olan raketlərimiz düşmənlərimizi vahimə altında saxlayır. Bu gün fəxrlə deyirik ki, bizim ordumuz qalibdir, güclüdür, Vətən torpağının hər qarışının keşikçisidir. Dövlətimizin, xalqımızın dayağıdır.

Sevil HACIYEVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı