Naxçıvan Maliyyə Nazirliyində intellektual oyun keçirilib -

Naxçıvan Maliyyə Nazirliyində intellektual oyun keçirilib - FOTO

23 İyun 2026

23 İyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində dövlət qulluqçuları arasında intellektual oyun keçirilib. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən oyunda Nazirlik Aparatının struktur bölmələri ayrı-ayrılıqda komandalar şəklində təmsil olunublar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir iştirakçıların salamlanması ilə başlayıb. Açılış zamanı Maliyyə Tədris Mərkəzinin direktoru vəzifələrini müvəqqəti icra edən Tural Məmmədzadə çıxış edərək bildirib ki, bu cür intellektual oyunların təşkili əməkdaşların məntiqi düşünmə bacarıqlarının inkişafına, eləcə də kollektivdə sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir.

İntellektual oyunda iştirakçılara ümumi dünyagörüşünü əhatə edən suallar təqdim olunub. Yarışın sonunda nəticələr qiymətləndirilib və toplanmış ballara əsasən qalib komandalar müəyyən edilib.

Nəticələrə görə, birinci yerə Müasir texnologiyalar və innovasiyalar şöbəsinin komandası, ikinci yerə Gəlirlərin proqnozu şöbəsinin komandası, üçüncü yerə isə İqtisadi sahələrin maliyyəsi şöbəsinin komandası layiq görülüb.

Sonda qaliblərə mükafatlar və fəxri fərmanlar təqdim olunub.