Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir
Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycanın müvəkkil banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cərimələr dəyişir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, qüvvədə olan qanuna əsasən, inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə edilir. "Az miqdarda" dedikdə, 20 min manatadək olan məbləğ başa düşülür.
Dəyişikliyə əsasən isə "dispozisiyadan "az miqdarda" sözü çıxarılır, sanksiya azaldılır, inzibati məsuliyyətdən azadetmə halı müəyyənləşir.
Beləliklə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycanın müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə ediləcək.
Nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı barəsində icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə məhkəmə və ya digər səlahiyyətli orqan (vəzifəli şəxs) qərar qəbul edənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycanın müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytardıqda inzibati məsuliyyətdən azad ediləcək.








