"BakuBus" Naxçıvan şəhərində sərnişindaşıma xidmətlərinə hazırlıq işlərini davam etdirir

"BakuBus" Naxçıvan şəhərində sərnişindaşıma xidmətlərinə hazırlıq işlərini davam etdirir

07 Avqust 2026

İctimai nəqliyyat xidmətlərinin keyfiyyətli və təhlükəsiz təşkili istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində AZCON Holding şirkətlərindən olan "BakuBus" MMC tərəfindən Naxçıvan şəhərində sərnişindaşıma xidmətlərinə hazırlıq işləri davam etdirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hazırlıq prosesinin tərkib hissəsi olaraq "CityCard" ödəniş kartlarının Naxçıvan şəhərində "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC-nin filiallarında satışına başlanılacaq. Satışlar 7 avqustdan etibarən həyata keçiriləcək. Kartın satış qiyməti 3 manat müəyyən edilib.

Naxçıvan şəhərində fəaliyyət göstərəcək "BakuBus" MMC-nin istismarında olan avtobuslarda "CityCard" nağdsız ödəniş sistemi tətbiq ediləcək. Sərnişinlər gediş haqqını "CityCard" kartı, istənilən bank kartı, eləcə də "Google Pay" və "Apple Pay" mobil ödəniş xidmətləri vasitəsilə ödəyə biləcəklər.

Bununla yanaşı, sərnişinlər "BakıKart" mobil tətbiqini "App Store" və "Google Play" platformalarından yükləməklə "CityCard" kartlarının balansını onlayn artıra, həmçinin QR kod vasitəsilə gediş haqqını rahat şəkildə ödəyə biləcəklər.

"BakuBus" MMC-nin Naxçıvan şəhərində fəaliyyətə başlaması ilə ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, sərnişin məmnuniyyətinin təmin olunması və ödəniş proseslərinin tam nağdsız formatda həyata keçirilməsi təmin olunacaq.