Birinci sinfə qəbul edilən uşaqların sayı açıqlanıb
Növbəti tədris ili üçün birinci sinfə qəbulu tamamlanan uşaqların sayı açıqlanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib ki, artıq 121 min nəfərdən çox uşaq birinci sinfə qəbul edilib:
“2026-2027-ci tədris ili üzrə uşaqların birinci sinfə qəbulu uğurla davam edir. Bu günə qədər 121 min nəfərdən çox uşağın birinci sinfə qəbulu tamamlanıb”, - mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edək ki, 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu 6 may 2026-cı il tarixindən başlayıb.
Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.
Bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.
Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir.
Xatırladaq ki, MÜTDA-nın məlumatına görə, 2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində bu gün saat 11:00-dan etibarən tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb seçiminə başlanıb. Azərbaycan bölməsi üzrə Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə məktəb seçimi iyulun 21-də saat 11:00-da, Bakı şəhəri üzrə isə həmin gün saat 15:00-da başlayıb.
Qeydiyyat prosesi 14 sentyabr saat 18:00-dək davam edəcək.








