
Ceyhun Bayramov Kayrat Sarıbay ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana rəsmi səfəri çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbay və quruma üzv dövlətlərin səfirləri ilə görüşüb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycanın AQEM-ə sədrliyindən irəli gələn məsələlər və sədrliyin prioritetləri, qurumun çərçivəsində əməkdaşlığın genişləndirilməsi səyləri müzakirə olunub.
Ceyhun Bayramov ölkəsinin AQEM sədrliyinin əsas prioritetlərindən bəhs edib, bu istiqamətdə xüsusilə AQEM-ə üzv ölkələrin yerləşdikləri mühüm coğrafi mövqeni nəzərə alaraq nəqliyyat və kommunikasiyalar sahələri üzrə əməkdaşlığın inkişaf etdirilməsinin geniş perspektivləri olduğunu qeyd edib.
Azərbaycanın sədrliyinin eyni zamanda AQEM-in institusionallaşması, fəaliyyət imkanlarının genişləndirilməsinə kökləndiyini bildirən nazir bu xüsusda AQEM-in yeni qərargahının Müşavirənin işinin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Regionda və dünyada baş verən proseslərin AQEM-in bölgədə inklüziv platforma kimi rolu və çəkisini artırdığı diqqətə çatdırılıb, bu istiqamətdə sədrlik müddətində göstərilən təşəbbüs və səylərin bütün üzv dövlətlər tərəfindən dəstəklənməsinin və AQEM çərçivəsində fəal iştirakçılığın vacibliyi vurğulanıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.