
Ercan Turan Ramin Məmmədovla görüşüb
İğdır-Naxçıvan təbii qaz kəməri əlaqələrin yüksələn xətlə inkişafının daha bir nümunəsidir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu İğdır valisi Ercan Turan Türkiyədə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovla görüşdə bildirib.
İğdır valisi Azərbaycan-Türkiyə arasındakı ikitərəfli münasibətlərin bütün sahələrdə ən yüksək səviyyədə inkişaf etməsinin əhəmiyyətini vurğulayaraq qarşılıqlı səfərlərin iki qardaş ölkə arasında əməkdaşlıq spektrlərinin genişlənməsinə töhfə verdiyini bildirib. O, yaxın günlərdə istifadəyə verilən İğdır-Naxçıvan təbii qaz kəmərinin bütün səviyyələrdən olan əlaqələrin yüksələn xətlə inkişaf etməsinin daha bir nümunəsi olduğunu qeyd edib.
Dini Komitənin sədri isə Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi münasibətlərin hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq bu gün daha yüksək səviyyəyə çatdığını, yeni müstəviyə keçdiyini qeyd edib.
Azərbaycandakı dini mühit barədə danışan Ramin Məmmədov bildirib ki, milli-mənəvi dəyərlərə bağlılıq, digər dinlərin daşıyıcılarına münasibətdə tolerantlıq vərdişləri cəmiyyətin həyat prinsiplərinin əsasını təşkil edir. Qeyd edib ki, bu harmoniyanın qorunması, müasir dövrün tələblərini, çağırışlarını nəzərə alaraq ölkədə dinlərarası, məzhəblərarası birliyin, vəhdətin daha da gücləndirilməsi bu gün dövlətin qarşısında duran vəzifələrdən biridir.
Görüşdə İğdırda məskunlaşan azərbaycanlıların daim diqqət və qayğı ilə əhatə olunmaqlarına diqqət çəkilib, qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.