Əbədilik xülyası: İmperiyaların süqutu və tarixin dərsləri

Əbədilik xülyası: İmperiyaların süqutu və tarixin dərsləri

15 Oktyabr 2025

Tarix bəşəriyyətin yaddaşıdır. Bu yaddaşda saysız-hesabsız imperiyaların izləri var. Hər biri bir zamanlar gücün, şöhrətin və hökmranlığın simvolu olmuşdur. Lakin bizi həmişə düşündürən sual budur: niyə bu qədər güclü dövlətlər, nəhəng ordulara, zəngin sərvətlərə və mükəmməl idarəetməyə malik imperiyalar bir gün parçalanıb yox olurlar? Cavab sadədir: “İmperiyalar müvəqqəti və keçicidir". İnsan zəkasının və iradəsinin məhsulu olan imperiyalar nə qədər möhtəşəm olsalar da, insan təbiətinin zəifliklərindən qaça bilmirlər. Onlar təkəbbürə qapılır, islah olunmaz səhvlər edirlər və daxildən çürüməyə başlayırlar. Zaman isə mərhəmətsizdir - gec-tez keçmişin izlərini silir.

Bir zamanlar Roma imperiyası özünün “əbədi” olduğuna inanırdı. Dəmir intizamı, güclü ordusu və inkişaf etmiş qanunları ilə Avropanın mərkəzində hökmranlıq edirdi. Lakin içində baş verən siyasi çəkişmələr, ictimai narazılıqlar və yadellilərin təzyiqləri onu da diz çökdürdü. Bu gün Roma imperiyasından yalnız abidələr, kitablar və xatirələr qalıb.

Daha yaxın tarixə baxsaq, XX əsrin ən mühüm geosiyasi hadisələrindən biri Sovet İttifaqının 1991-ci ildə süqutudur. Bu imperiyanın dağılması təkcə siyasi dəyişiklik deyildi; Moskvanın müxtəlif xalqlara qarşı apardığı assimilyasiya, zorakı ruslaşdırma, iqtisadi və mədəni istismar da buna səbəb oldu. SSRİ-nin süqutu faktiki olaraq Moskvaya tabe olmayan xalqların öz haqlarını bərpa etməsi və milli kimliklərini qoruması üçün atılmış vacib addım idi.

Sovet İttifaqı formal olaraq “bərabər hüquqlu respublikalar ittifaqı” kimi təqdim edilirdi, lakin gerçəkdə bütün güc Moskvanın əlində cəmlənmişdi. Müxtəlif respublikaların daxili və xarici siyasəti, iqtisadi qərarları və mədəni inkişafı mərkəzdən idarə olunurdu. Bu idarəetmə xalqların öz müqəddəratını təyin etmək hüququnu məhdudlaşdırırdı və bir çox hallarda bu hüquq zorakı üsullarla boğulurdu. 20 Yanvar faciəsi bunun acı nümunələrindən biridir. 

İqtisadi baxımdan da mərkəzləşmiş idarəetmə yerli respublikaları Moskvadan asılı saxlayırdı. Təbii sərvətlər mərkəzə daşınır, gəlirlər isə ədalətsiz paylanırdı. Azərbaycanda hasil olunan neftin böyük hissəsi Moskvanın nəzarətində idi, lakin bu sərvət Azərbaycanın sosial-iqtisadi rifahına kifayət qədər təsir etmirdi.

SSRİ-nin süqutu Moskvanın digər xalqlara qarşı illərlə tətbiq etdiyi haqsızlıqların gecikmiş ədalətli cavabı idi. Bu süqut yalnız siyasi rejimin dağılması deyil, həm də tarixi ədalətin bərpası idi. Xalqlar azadlıq qazandılar, lakin bu azadlığın bədəli ağır oldu. Bugünkü nəsillər həmin azadlığın qədrini bilməli və bir daha belə haqsızlıqlara imkan verməmək üçün tarixi unutmamalıdırlar.

Özünü SSRİ-nin varisi sayan Rusiya Federasiyası da bu boşluğu doldurmaq üçün keçmiş imperiya nüfuzunu bərpa etməyə çalışır. Lakin tarix göstərir ki, belə cəhdlər uzunmüddətli nəticə vermir. Ukraynaya qarşı başlanan müharibə onu beynəlxalq aləmdən təcrid edib və iqtisadiyyatına ciddi zərbə vurub. Tarix sübut edir ki, güc və zorla qurulan imperiyalar uzunömürlü olmur. Əgər Rusiya keçmişin səhvlərini təkrarlamağa davam edərsə, SSRİ-nin taleyini yaşamaq ehtimalı yüksəkdir.

“İmperiyalar müvəqqəti və keçicidir” ifadəsi bəlkə də yalnız keçmişi deyil, bu günün və gələcəyin də xəbərçisidir. Gücə aldanmamaq, ədaləti unutmaqdan çəkinmək və dəyişən zamana ayaq uydurmaq lazımdır. Bu, yalnız imperiyalar üçün deyil, bütün cəmiyyətlər və fərdlər üçün həyati dərsdir. Tarix bizə öyrədir ki, heç nə əbədi deyil. Əsas məsələ iz buraxmaqdır, amma bu iz qorxu və zorakılıqla deyil, sevgi, ədalət, mərhəmət və insanlıqla dolu olmalıdır.

Əlövsət HÜSEYNQULİYEV

AŞPA üzvü statusuna malik,

Beynəlxalq Antiterror Birliyinin Prezidentinin müşaviri