
Müstəqilliyin xilası və inkişaf yolunun başlanğıcı
3 oktyabr 1993-cü il Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətin süqut təhlükəsindən xilas edilməsində, ictimai-siyasi sabitliyin təmin olunmasında, iqtisadi inkişafın əsaslarının qoyulmasında, hüquqi dövlət quruculuğunda, milli ideologiyanın formalaşmasında və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsində həlledici rol oynadı.
1988-ci illərin sonlarında SSRİ-nin dağılması postsovet məkanında mürəkkəb proseslərə yol açdı. Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etsə də, 1991–1993-cü illər ölkənin siyasi tarixinə dərin böhran, vətəndaş qarşıdurmaları, separatizm və müharibə məğlubiyyətləri dövrü kimi daxil oldu. Dövlətin mövcudluğu təhlükə altında idi: mərkəzi hakimiyyət zəifləmiş, orduda parçalanmalar baş vermiş, ölkə ərazisinin 20 faizi işğal olunmuşdu.
Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan mürəkkəb problemlərin həllini Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya dəvət olunan Heydər Əliyev iyunun 15-də Milli Məclisin Sədri seçildi və oktyabrın 3-də keçirilən ümumxalq səsverməsində Azərbaycan Respublikasının Prezidenti oldu. Həmin gün yalnız siyasi liderin hakimiyyətə dönüşü deyil, həm də müstəqil dövlətçiliyimizin xilası və davamlı inkişaf yoluna çıxışı kimi tarixə düşdü.
Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan hifz etdi, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı.
Ümummilli Lider Heydər Əliyev andiçmə mərasimindəki nitqində bildirmişdi:
“Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Prezident seçildikdən sonra Heydər Əliyevin ilk tədbirləri sırasında qeyri-qanuni silahlı dəstələrin tərksilah edilməsi, ordu quruculuğuna başlanması, dövlət çevrilişi cəhdlərinin qarşısının alınması və hüquqi dövlət quruculuğuna start verilməsi dayanırdı.
Bütün bu atılan addımlar Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində dönüş mərhələsi oldu və ölkəmizin gələcək inkişafı üçün möhkəm zəmin yaratdı.
Nicat Allahverdiyev
İdman mütəxəssisi