
Qarabağ Azərbaycandır!
Qarabağ Azərbaycanın qərbində yerləşən tarixi bölgələrindən biridir. Bəzi mənbələrə görə, “Qarabağ" anlayışı VII əsrdən etibarən işlənməyə başlanmış, XII əsrdən etibarən isə geniş yayılmışdır. “Qarabağ” “qara” və “bağ” türk-Azərbaycan sözlərinin birləşməsindən əmələ gəlmişdir (“qara” sözü türk dillərində, o cümlədən Azərbaycan dilində, rəng bildirməklə yanaşı, “böyük”, “qalın”, “sıx” mənasında da işlənir).
Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Dağlıq Qarabağ ümumilikdə Qarabağın bir hissəsidir. Tarixdən mlumdur ki, Sovet hakimiyyəti dövründə 1923-cü ildə Qarabağın dağlıq hissəsində 4,4 min kv.km ərazidə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Bununla da, bu ərazidə separatçılıq meyllərinin əsası qoyulmuşdur. Əslində isə problemin kökündə Qarabağa XVIII əsrdən başlayaraq köçürülən ermənilərin Azərbaycan torpaqlarına yiyələnmək iddiası dayanır.
1988-ci ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başladı. Bunun nəticəsi kimi, 1987-89-cu illərdə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulur, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilir, 1154 nəfər isə yaralanır. Bunlar heç də son deyil. Bundan sonra ermənilər daha məkirli planları ilə gündəmə gəlmiş olurlar. Belə ki, 20 fevral 1988-ci ildə DQMV-nin Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə keçirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul edir.
Bunun davamı kimi, 22 fevral 1988-ci ildə Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açır və həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları olurlar. Qarabağ iddiasından əl cəkməyən ermənilər 1 dekabr 1989-cu ildə Ermənistan SSR Ali Soveti Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərar qəbul edir. 10 yanvar 1990-cı ildə isə SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi qərarların SSRİ Konstitusiyasına uyğun olmaması haqqında” qərar qəbul edir. Qərarda Ermənistan SSR ilə Dağlıq Qarabağın Azərbaycan SSR-in razılığı olmadan yenidən birləşdirilməsinin qeyri-qanuni olması bildirilirdi.
Azərbaycanın Ali Soveti 30 avqust 1991-ci ildə dövlət müstəqilliyinin bərpasını elan edir. 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunur. Çox keçmədən Azərbaycan Respublikasının Ali Soveti 26 noyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi haqqında” Qanun qəbul edir.
O da məlumdur ki, 1991-ci ilin sonu-1992-ci ilin əvvəlində münaqişənin hərbi mərhələsi başlanır və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edən Ermənistan xarici hərbi yardımla Dağlıq Qarabağda hərbi əməliyyatlara başlayır. 1992-ci il fevral ayının 26-da Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğın törədilir. Xocalı soyqırımı kimi tanınmış bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, yaxud əsir düşməsi ilə nəticələnir və şəhər yerlə-yeksan edilir. Bununla da, Ermənistanın işğalçılıq planları daha da genişlənmiş olur.
1992-ci ilin may ayında Şuşa şəhəri və Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən Laçın rayonu işğal olunur. 1993-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı daha altı rayonunu – Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal edirlər.
30 aprel 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonundan və digər işğal olunmuş ərazilərindən bütün işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb edən 822 saylı qətnamə qəbul edir.
Beləliklə də, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon - Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunur.
Ermənilər torpaqlarımızı işğal etməklə bərabər, Azərbaycanın işğal edilmiş ərazilərində dünya əhəmiyyətli abidələri dağıdır və bununla da elə düşünürlər ki, bu ərazilərin onlara məxsusluğunu sübut edə biləcəklər. Amma unudurdular ki, Azərbaycan öz torpaqlarını onlara güzəştə getməyəcək və torpaqlarımız geri qaytarılacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də açıq bəyan etdiyi kimi: “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt olmayacaq”.
27 sentyabr 2020-ci il. Bu tarix Azərbaycanın hərbi-strateji tarixinə işğalçı Ermənistanın təcavüzünə cavab verilən 44 günlük Vətən müharibəsinin başlanması günü kimi daxil oldu. Xalq bu günü 30 il səbirsizliklə gözləmiş, ermənilərə qarşı qəzəb, nifrət hissini söndürməmiş, əksinə daha da alovlandırmışdı.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 27 sentyabr 2020-ci ildə televiziyada xalqa müraciət edərək bildirdi ki, Qarabağ torpaqlarının işğaldan azadlığı uğrunda Vətən müharibəsi başladı. Eyni zamanda, qətiyyətlə bəyan etdi ki: “Qarabağ Azərbaycandır!”.
27 Sentyabr Azərbaycan xalqının yaddaşına qanla, qəhrəmanlıqla və qürurla yazılmış bir tarixdir. Bu tarix həm də bir millətin ayağa qalxması, öz haqqını qətiyyətlə tələb etməsi idi. 27 sentyabr 2020-ci il 44 günlük Vətən müharibəsində milli ordu bir an da olsun geri çəkilmədi. Azərbaycan- Ermənistan arasında gedən döyüşlərdə Azərbaycan əsgərləri böyük qəhrəmanlıq göstərdi.
Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun Ermənistan qoşunlarının işğal altındakı torpaqlardan çıxarılması uğrunda apardığı müharibədə qazandığı şanlı Qələbə hərb tariximizə və xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Başladığımız haqq savaşında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, əzmi, Ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycanın güclü dövlət olduğunu və haqlı mübarizə apardığımızı bütün dünyaya bir daha nümayiş etdirmiş olduq.
Bir şeirdə deyildiyi kimi:
Qarabağı işğaldan,
Azad etdi igidlər.
Heç zaman unutmarıq,
Tarix yazdı şəhidlər.
44 gündə düşmənə,
Qəhrəmanlar çəkdi dağ.
30 il ayrı qaldıq,
Həsrət bitdi, Qarabağ.
Keçdi qorxmaz oğullar,
Od-alovun içindən.
Danışacaq nəsillər,
Onların mərdliyindən.
Bu gün böyük bir iftixar hissi ilə deyirik: Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Təranə QƏBULOVA
Naxçıvan Müəllimlər İnstitutu