İlham Əliyev: Türk Dövlətləri Təşkilatı qlobal arenada vacib aktora çevrilir

İlham Əliyev: Türk Dövlətləri Təşkilatı qlobal arenada vacib aktora çevrilir

07 Oktyabr 2025

 Bildiyimiz kimi  oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü baş tutdu. Ölkə başçımız cənab İlham Əliyev Görüşdə çıxış  edərək qardaş ölkələrlə Azərbaycanın arasındakı iqtisadi əlaqələrdən və gələcəkdə birlikdə görüləcək işlərdən danışıb. Türk Dövlətləri Təşkilatına (TDT) uğurla sədrlik etmiş Qırğız Respublikasına təşəkkürünü bildirən cənab İlham Əliyev qeyd edib ki,  bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir. O da vurğulanıb ki, ölkəmiz təşkilatı daim dəstəkləyir. Belə ki, Azərbaycan bu məqsədlə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür.

“Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir. Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüşümüz mühüm qərarlarla yadda qalmışdır”- deyən Azərbaycan Prezidenti onu da diqqətə çatdırıb ki,  Təşkilatın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Bu gün Türk Dövlətləri Təşkilatı əhatə etdiyi coğrafiyada və dünyada eyni zamanda sülhün təbliğatçısı kimi çıxış edir.  Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.

 TDT  ölkələri  eyni zamanda  beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə üzv  ölkələr arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığa  çox önəm verir. Bu məsələyə xüsusiilə toxunan cənab İlham Əliyev  qeyd edib ki, bu çərçivədə Azərbaycanın müttəfiqi olan Türkiyə arasında dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir.

Cənab İlham Əliyev ölkələr arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini də təklif edib.

Bundan başqa digər məsələlər də qardaş ölkələrin dövlət rəsmilərinin diqqətinə çatdırılıb. Azərbaycanın əsas məqsədi regionda sülhün carçısı kimi  Qafqazı sülh məkanına çevirməkdir. “İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı”- bunları da Azərbaycan Respublikasının Prezidenti deyib.  ;

Azərbaycan Ermənistan işğalını heç vaxt unutmayacaq.  Şəhidlərimizin əziz xatirəsini həmişə qəlbimizdədir. Onların qanını biz döyüş meydanında aldıq. İşğalçını əzəli torpaqlarımızdan qovduq, Zəfər çaldıq və eyni zamanda, ədalətli sülhə nail olduq. İndi edək ki, indi Azərbaycan bütün dünya, eyni zamanda TDT-na üzv olan qardaş ölkələr üçün də əhəmiyyətli olan nəqliyyat dəhlizlərinin layihəsini reallaşdırır.     

Azərbaycan indi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır.

“2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib. Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdırZəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir”- deyən cənab İlham Əliyev şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynadığımızı da diqqətə çatdırıb.  Həmçinin qeyd edib ki, hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir. 

Daha bir maralı fakt isə odur ki, 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək. Hazırda  Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işlər gedir.

Azərbaycan Prezidenti daha bir mühüm məsləyə toxunub. Belə ki,  Görüşdə 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayıb. Həmçinin təklif edib ki, gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunsun.

Əminəm ki, Zirvə Görüşümüz qəbul edəcəyimiz qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcəkdir.

Rza XUDİYEV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Xalq artisti