
Qələbəyə gedən yol -27 Sentyabr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Mən müxtəlif dövrlərdə dəfələrlə demişəm ki, bizə bu məsələnin, bu münaqişənin yarımçıq həlli lazım deyil. Biz öz torpağımızdayıq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verən deyilik. Mən dəfələrlə demişəm, biz heç vaxt imkan verə bilmərik ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövləti yaradılsın. Heç vaxt imkan verə bilmərik və bugünkü hadisələr onu bir daha göstərir”.
Məlum bir həqiqətdir ki, Ermənistan xarici havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, kəndlər və şəhərlər dağıdılmış, dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, öz ata -baba torpaqlarından didərgin salınmışdır. Azərbaycan xalqının başına gələn faciələr arasında Xocalı soyqırımı xüsusi qəddarlığı ilə seçilir. Misli görünməmiş bir qəddarlıq həyata keçirilmiş, əhaliyə divan tutulmuşdur. Amma bu kimi faciələr heç də pislənilməmiş, Azərbaycan qarşı həyata keçirilən işğalçılıq palanı davam etmişdir. Bütün bunlarla yanaşı, beynəlxalq təşkilatların ikili standartlar siyasəti münaqişənin həllini yubadaraq Ermənistanı daha da cəsarətləndirmişdir. ATƏT-in Minsk qrupu uzun illər problemin həllinə deyil, onun dondurulmasına çalışmış, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr isə icra olunmamışdır. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini göstərmiş və münaqişənin sülh yolu ilə həllinə çalışmışdır.
Danlmaz bir həqiqətdir ki, Azərbaycan xalqı heç zaman işğalla barışmamış ərazi bütövlüyümüzün təmin olunmasına, torpaqlarımızın işğaldan azad edilməsinə çalışmışdır. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyul ayında Tovuz istiqamətində baş verən hərbi toqquşmalar bu mövqenin bariz nümunəsi oldu. Bütün bunlar isə onu deməyə əsas verirdi ki, torpaqlarımızın azad edildiyi gün heç də uzaq deyil.
Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük döyüşlərdə düşməni diz çökdürərək, torpaqlarımızı işğalçılardan təmizləyərək, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev xalqa müraciətində deyirdi: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq”.
Azərbaycan Respublikasını Prezidenti İlham Əliyev, eyni zamanda, xalqa müraciətində deyirdi: “Azərbaycan xalqı bunu vasitəçilərdən, bəzi beynəlxalq təşkilatların rəhbərlərindən dəfələrlə eşidib ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən isə demişdim ki, bu tezislə razı deyiləm və mən haqlı çıxdım, mən! Otuz ilə yaxındır danışıqlar aparılır. Bir məsələ yerindən tərpəndi? Bir santimetr torpaq bizə danışıqlar yolu ilə verildi? Təcavüzkarı məcbur etdilərmi ki, bizim torpağımızdan çıxsın, BMT Təhlükəsizik Şurasının qətnamələrini yerinə yetirsin? Yox. Bəs, bu məsələ indi necə həll olunur? Bu, hərbi yol deyilmi? Məhz hərbi yolla bu məsələ həll olunur. Hərbi, ondan sonra siyasi... Biz onları elə günə saldıq ki, indi gizlənməyə deşik axtarırlar, tapa bilmirlər. Oturublar, siçan kimi ağzına su alıb susurlar. Bəs, hanı sənin hikkən?! Hanı sənin təkəbbürün?! Hanı sənin “qəhrəmanlığın”?! Deyirdin “Qarabağ Ermənistandır”. Qarabağ Azərbaycandır. Bunu hamı bilməlidir, o cümlədən, bu gün Ermənistanın başında oturanlar da bilməlidir... Bizim qabağımızda Ermənistan diz çöküb. Bizim şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb. Mən dəfələrlə şəhid ailələrinin nümayəndələri ilə, şəhid valideynləri ilə görüşlərdə demişdim ki, biz onların qisasını alacağıq. Bizim şəhidlərimizin qanı yerdə qalmayacaq və qalmır. Biz qan istəmirik. Biz istəyirik torpaqlarımız bizə verilsin”.
Bəli, Vətən müharibəsində qazanılan Qələbə milli birliyimizin Qələbəsidir: 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının böyük milli potensialını üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. yoluna qoyulması mümkün olmayan münaqişəni “Dəmir yumruğ”un zərbəsi ilə cəmi 44 günün içində həll etdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi, Azərbaycan tarixinə şərəfli səhifələr yazdı. Biz böyük Zəfəri qazandıq.
Bu, xalqımızın həyatında insanların taleyini dəyişən, tarixini yeni səhifədən başlayan bir Zəfər oldu. Əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən müharibəsindəki şücaəti, əzmkarlığı yaddaşlarda qalacaq. Şəhidlərimizin əziz xatirəsi anılacaq, onların qəhrəmanlıqları, Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan Ordusu ilə birgə Vətənə bəxş etdiyi tarixi Zəfər əbədi olaraq dünya tarixinə yazılacaq.
Bir sözlə, “Qarabağ Azərbaycandır və nida işarəsi” - söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.
44 günlük Vətən müharibəsiylə biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq. Erməni ordusu şanlı ordumuz tərəfindən məhv edildi, erməni ordusu darmadağın edilərək qarşımızda diz çökdü. Onlar bir ömür boyu bu rəzalət damğası ilə yaşayacaqlar. Biz isə qürur hissi ilə qalib xalq olaraq yaşayacağıq. İndi azad edilmş ərazilərdə üçrəngli bayrağımız qürurla dalğalanır:
Şanlı dövlətimin sirdaşı, bayraq,
Qəhrəman himnimin qardaşı, bayraq,
Vüqarlı gerbimin yoldaşı, bayraq,
Dalğalan, dalğalan, ucal, bayrağım,
Zəfər günlərində öc al, bayrağım!
Sən mənim sevincim, gözəl çağımsan,
Zaman sınagında üzü ağımsan,
Arxa söykədiyim güvənc dağımsan,
Dalğalan, dalğalan, ucal, bayrağım,
Zəfər günlərində öc al, bayrağım!
Bir sözlə, Vətən müharibəsi Azərbaycanın şanlı tarixi səhifəsi oldu.Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. Xalqımız hər zaman 27 Sentyabr- Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına şanlı zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Qarabağ Azərbaycandır!”
Fəxriyyə CƏFƏROVA