
İtaliya-Azərbaycan əsl strateji tərəfdaşdır
Azərbaycan dünyada öz nüfuzunu getdikcə artırır və lider ölkələr arasında tutduğu etibarlı mövqe ilə seçilir. Artıq dünyanın bir çox ölkələri Azərbaycanla tərəfdaşlıqda maraqlarını gizlətmirlər. İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri zamanı bu fakt bir daha təsdiqləndi. Ölkə başçımız cənab İlham Əliyevlə görüş zamanı hər iki ölkənin strateji əməkdaş olduğu, mühüm əlaqələrin qurulması istiqamətində mühüm addımlar atıldığı diqqətə çatdırıldı. “İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq. İtaliya Prezidenti Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir. Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq. Bizim görüşlərimiz tez-tez baş verir. Keçən il mən Prezident Mattarellanın qonağı idim və görüş zamanı onu Azərbaycana yenidən rəsmi səfərə dəvət etdim”,- bu fikirləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görüşlə bağlı mətbuata verdiyi açıqlamada bildirib. Ölkə başımız onu da qeyd edib ki, hər iki ölkə arasında iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə, ikinci sənəd - Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanıb. Ölkə başçımız onu da vurğulayıb ki, bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. Hər iki ölkənin başçıları biz tez-tez görüşür. İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəsi artmaqdadır. Onu da qeyd edək ki, bu gün ən vacib məsələlərdən biri dünyada enerji sahəsində qarşılıqlı əməkdaşlıqdır. Bu məsələ artıq dövlətlərin mühüm strateji prioritetinə çevrilib. Azərbaycanla İtaliya da bu istiqamətdə nümunəvi addımlar atır. Belə ki, ölkələrimiz arasında energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Bu məsələ ilə bağlı cənab İlham Əliyev deyib: “...Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik”.
Bu da faktdır ki, 2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. “ Bu gün Prezident Mattarella ilə söhbət əsnasında onun keçən səfərini xatırladıq. O vaxt TAP layihəsinin icrası məsələsi gündəlikdə idi. Müxtəlif problemli məqamlar mövcud idi və Prezident Mattarellanın səfərdən sonra şəxsən bu məsələyə müdaxilə etməsi, bu məsələnin tənzimlənməsi imkan verdi ki, TAP layihəsi uğurla icra edildi. 2020-ci ildən başlayaraq bu layihə vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə bizim əhatə dairəmiz artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı”- bu maraqlı faktları da Azərbaycan Prezidenti mətbuata açıqlamasında qeyd edib.
Ölkə başçımız Prezident Mattarella ilə söhbətdə Avropa İttifaqı ilə əməkdaşlığımıza toxunub. İtaliya dövlətinin başçısının diqqətinə çatdırılıb ki, Azərbaycan hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə məsələ üzərində işləyirik. Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanmaqdadır. Yəqin ki, yaxın vaxtlarda hazır olacaq. Beləliklə TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. Elektrik enerjisi, o cümlədən Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və ondan sonra Avropa məkanına ötürüləcək elektrik enerjisi bizim əməkdaşlığımızın həcmini daha da artıracaq.
O da vurğulanıb ki, son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atılır. “Biz, həmçinin Avropa İttifaqı-Azərbaycan əlaqələri haqqında danışdıq. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək vermişdir, bu gün də biz bunu hiss edirik və son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atılır. Bu da bizi təbii olaraq məmnun edir. Bir sözlə, bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həm həyatda, praktik işlərdə özünü büruzə verir. Hesab edirəm ki, bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir örnək ola bilər” – bunları da Azərbaycan Prezidenti vurğulayıb.
Qeyd edək ki, Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub. İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb.
Bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir. Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfə olacaq.
Rza XUDİYEV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
Xalq artisti